"Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir".XəzərXəbər xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin
2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident
bildirib ki, son 15 il ərzində 2500 meqavat gücündə yeni generasiya
gücləri yaradılıb: "Əgər bu generasiya gücləri yaradılmasaydı, biz bir
neçə gün bundan əvvəl baş vermiş qəzadan belə çıxa bilməzdik. Daha çox
vaxt aparacaqdı. Demək olar ki, 2003-cü ildə bizim enerji təsərrüfatımız
tam köhnəlmişdi. Ancaq yeni elektrik stansiyalarının yaradılması və
mövcud stansiyaların təmiri ilə bağlı atılan addımlar imkan verdi ki,
biz enerji çatışmazlığını aradan götürdük. Çünki biz o vaxt xaricdən
elektrik enerjisi alırdıq. Çox böyük investisiyalar qoyuldu, bir çox
müasir stansiyalar tikildi. Mövcud stansiyalar, o cümlədən Mingəçevir
İstilik Elektrik Stansiyasında bəzi təmir işlər aparılmışdır".
Ölkə başçısının sözlərinə görə, baş vermiş qəza göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var.
"Bir
daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi
çökməməlidir. Qəza ola bilər, qəzanın müxtəlif səbəbləri ola bilər.
Hətta ən inkişaf etmiş ölkələrdə, şəhərlərdə belə qəzalar baş verir,
böyük fəsadlara, insan itkisinə gətirib çıxarır. Biz bunu yaxın tarixdən
bilirik. Onlarla insan belə hadisələrdə həlak olur. Ancaq bir lokal
qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür
izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm. Bu gün işləyən
komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Eyni zamanda, Mingəçevirə
ekspertlər qrupu ezam edilmişdir. Onlar da öz sözünü deyəcəklər. Biz
qəzanın səbəblərini əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu
qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını
alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, -
mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ
ilə bağlı öz fikrimi bildirmək istəmirəm, - hətta son illər ərzində
istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi
araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər
buraxılıb".
Prezident,
həmçinin qeyd edib ki, bütün işlərdə biz ədalətli olmalıyıq: "Kimisə
cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil
olmalıdır. Ancaq əlbəttə ki, bu qəza çox ciddi bir siqnaldır. Hazırda
enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır. Belə
göstəriş verilibdir. Bütün enerji təsərrüfatımızın təftişi məsələsi öz
həllini tapır. Komissiyada bu məsələ müzakirə ediləcək, mənə təkliflər
veriləcək. Biz Azərbaycanın enerji sistemini ən müasir əsaslarla idarə
etməliyik. Kifayət qədər enerji generasiya gücümüz var. Yarımstansiyalar
tikilib və yenə də tikiləcək. Artıq göstəriş verilib, həm Bakıda,
həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi
təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının
müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma
əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin
və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun”.