2018-ci il iyulun 3-də
Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova
qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror
aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli
şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya
resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli
məlumatlar yayılıb.
Baş Prokurorıluğun mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, həmin məlumatlara ictimai rəyi çaşdırmaq,
ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar
arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq,
cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları
tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə
yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən
informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ
keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun
zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.
Belə ki,
bəzi profillər vasitəsi ilə sosial şəbəkələrdə müxtəlif məzmunlu
paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi
faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq
çağırışlar) maddəsi ilə cinayət işləri başlanıb. Bundan başqa, sosial
şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz
etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və
Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla
dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı isə
Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar)
maddəsi ilə cinayət işi başlanıb.
Həmin cinayət işləri ibtidai
istintaqın aparılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmiş və
hazırda təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri
üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Göstərilənlərlə
yanaşı, "criminalaz.com” və "bastainfo.com” internet saytlarının
internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan
vəzifəli şəxsləri ötən dövr ərzində "Kütləvi informasiya vasitələri”
haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərini
pozduqlarına görə
Baş Prokurorluq
tərəfindən iki dəfə rəsmi xəbərdarlıq edilmələrinə baxmayaraq, həmin
qanunun tələblərini qərəzli şəkildə yenidən pozaraq 03-06 iyul 2018-ci
il tarixlərdə dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi
çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında
dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi ilə
bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən
informasiyalar daxil edərək yayımlanıb.
Həmin faktlarla bağlı
Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs
tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil
edilməsi) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın
aparılması
Bakı şəhər prokurorluğuna tapşırılıb.
Azərbaycan
Respublikası Baş Prokurorluğunda aparılan araşdırmalarla "topxeber.az”
və "fia.az” internet saytlarının vəzifəli şəxsləri tərəfindən "Kütləvi
informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu
maddəsinin tələblərinin kobud şəkildə pozulması, cəmiyyətdə çaşqınlıq
yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya
xarakterli məlumatların məqsədli şəkildə yayılması müəyyən edilib.
Bununla
əlaqədar, internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət
edilərək, onlardan "Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq
olaraq rəhbəri olduqları internet saytlarında sensasiya naminə
informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə
dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə
aparmadan qanunazidd əməllərini davam etdirəcəkləri təqdirdə barələrində
cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulan
daha ciddi tədbirlər görüləcəkləri barədə rəsmi xəbərdarlıq ediliblər.
"Bastainfo.com”,
"criminalaz.com”, "topxeber.az” və "fia.az” internet saytlarının
internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və
digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün
Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib.
Baş Prokurorluq
tərəfindən bir daha kütləvi informasiya vasitələrinə, o cümlədən sosial
şəbəkə istifadəçilərinə ("facebook”, "twitter”, "instagram” və s.)
"Kütləvi informasiya vasitələri” haqqında Qanunun tələblərinə riayət
etmələrinə dair xəbərdarlıq olunmaqla ölkəmizdə bərqərar olmuş
ictimai-siyasi sabitliyin pozulmasına, terrorçuluğu dəstəkləyən, əhali
arasında vahimə yaratmaq məqsədilə dövlət və ictimai xadimlərin həyatına
sui-qəsd etməklə terrorçuluğa açıq çağırışlar, vətəndaşlar arasında
dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları
konkret yeri və vaxtı göstərilərək qanunsuz etiraz aksiyaları keçirməyə
təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan
Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn
açıq çağırışlar və digər istənilən qanunazidd hərəkətlərin qarşısının
alınması üçün respublikanın hüquq mühafizə orqanları tərəfindən
monitorinq həyata keçirilməklə bu cür hərəkətlərə yol verən müvafiq
şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin
ediləcəkdir.