Xəzər Xəbər

Diplomatların peşə bayramıdır

Gündəm | 09:58 • 9 İyul 2018
Diplomatların peşə bayramıdır
Bu gün Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.


XəzərXəbər xəbər verir ki, diplomatik xidmətin 99 illiyi qeyd edilir.


Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s. Lakin nəticədə qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin.

Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb.

1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalanıb. Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırılıb. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edilib.

Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın - 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da yaradıb. Lakin bu orqan uzun illər boyu yalnız formal mövcud olub.

1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir-birinin ardınca dünya dövlətləri və BMT tərəfindən tanınıb.

Xəbər lenti