Xəzər Xəbər

Vəkillik sahəsində islahatlar davam etdirilir

Gündəm | 12:48 • 6 İyul 2018
Vəkillik sahəsində islahatlar davam etdirilir

"Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2018-ci il 22 fevral tarixli Sərəncamında vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vurğulanıb, Azərbaycan Respublikasının regionlarında vəkil qurumlarının fəaliyyətinin təmin olunması, vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması nəzərdə tutulub.


Azərbaycan Respublikası Vəkillər Kollegiyasından xezerxeber.az-a bildiriblər ki, bununla bağlı Kollegiya tərəfindən tədbirlər planı hazırlanıb, zəruri hesab olunan işlər görülüb və hazırda da bu işlər davam etdirilir.


Azərbaycanın regionlarında vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, hüquqi yardıma çatımlılığın həyata keçirilməsi, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması, eləcə də yeni vəkil qurumlarının təsis edilməsi istiqamətində bir sıra tədbirlər görülməkdədir.


Bundan başqa, ötən aylar ərzində Bakı və Xırdalan şəhərlərində 4 yeni vəkil qurumu – Bakı şəhəri 18 saylı Vəkil Bürosu, "BHM və partnyorları” vəkil bürosu, "Ədalət” vəkil bürosu və Xırdalan şəhər Vəkil Bürosu fəaliyyətə başlayıb, eləcə də fəaliyyət göstərməkdə olan 13 vəkil qurumunun nizamnamələrində müvafiq dəyişikliklər edilərək, "hüquq məsləhətxanası” adı "vəkil bürosu” adı ilə əvəz olunub.


Bu tədbirlərin davamı olaraq, ötən günlərdə ölkəmizin iki bölgəsi – Mingəçevir şəhəri və Ağcabədi rayonunda yeni vəkil qurumları fəaliyyətə başlayıb. Qeyd olunan vəkil qurumları artıq tam həcmdə və yüksəkkeyfiyyətli hüquqi yardım göstərmək üçün həmin regionlarda yaşayan vətəndaşlarımızın xidmətinə verilib.

Xəbər lenti