Xəzər Xəbər

“Bu işdə günahı olanlar cəzalandırılmalıdır” Prezidentdən tapşırıq

Gündəm | 20:33 • 4 İyul 2018
“Bu işdə günahı olanlar cəzalandırılmalıdır”
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.


XəzərXəbər-in məlumatına görə, müşavirədə çıxış edən prezident İlham Əliyev bildirdi ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkənin enerji təcizatında ciddi problemlər yaşanıb.


"Lakin qısa vaxtda enerji təchizatı bərpa olunub". Qəzanın səbəblərinin araşdırılması ilə əlaqədar onun sərəncamı ilə Dövlət Komissiyasının yaradıldığını deyən prezident İlham Əliyev artıq komissiyanın işə başladığını vurğulayıb.

Qəza baş verən vaxtda dövlət orqanlarının vətəndaşlara kömək etməklə bağlı tapşırıqların öhdəsindən peşəkarlıqla gəldiklərini deyən ölkə başçısı vətəndaşlara göstərdikləri həmrəyliyə, dəstəyə və anlayışa görə təşəkkür edib.

Son 15 ildə ölkəmizin enerji sektoruna böyük investisiyaların qoyulduğunu, yeni elektrik stansiyalarının tikildiyini deyən dövlət başçısı bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxmasının çox ciddi suallar doğurduğunu bildirib.

Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, qəza nəticəsində sistemin sıradan çıxması ciddi faktdır, bununla bağlı əlavə tədbirlər görülməli, təkliflər verilməlidir.

Ölkə başçısı bu işdə günahı olanların müəyyən edilməsi və cəzalandırılması ilə bağlı ciddi tapşırıqlar verib.

Prezident yaranmış vəziyyətdə göstərdikləri köməyə görə Rusiya və Gürcüstana təşəkkür edib.

Xəbər lenti