Xəzər Xəbər

İşıqforların işləməməsi Bakıda yol qəzalarına SƏBƏB OLUB - RƏSMİ

Gündəm | 14:56 • 4 İyul 2018
İşıqforların işləməməsi Bakıda yol qəzalarına

"Paytaxtda və bölgələrdə elektrik enerjisində yaranan fasilə ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin hərəkətində müəyyən neqativ hallar yaransa da Baş Dövlət Yol Polis İdarəsinin gücləndirilmiş iş rejimində çalışması yaranan vəziyyətlərin ağır nəticələnməsinin qarşısını alıb”.

Bu sözləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, gecə saat 3-ə qədər paytaxt küçələrində piyadaların və sürücülərin təhlükəsiz hərəkətini təmin etmək üçün bütün polis əməkdaşları səfərbər edilib:

"Enerjinin olmaması səbəbindən Bakı şəhərində bir çox ərazilərdə işıqforların işləməməsi yollarda hərəkətin tənzimlənməsinə problem yaşadıb. Bu səbəbdən də payataxtın daha aktiv yollarında nəqliyyatın sıxılığı müşahidə edilib. Metropolitenin fəaliyyətinin dayanması yerüstü nəqliyyatın daha da aktivləşməsinə təsir edib. Yol polisi əməkdaşlarının patrul maşınlarının sayrışan işıqlarının yardımı ilə yol ayrıclarında keçmə növbəsi nizama salınıb. Bu işdə yol polisi əməkdaşlarını peşəkar sürücülürimizin yol hərəkəti qaydalarına düzgün əməl etməsi də yardımçı olub. Beləliklə gecə saat 3-ə qədər rəhbərlik də başda olmaqla dünənki fövqaladə hal aradan qaldırıldı. Paytaxt sanki imtahan verirdi və polislərlə birlikdə vətəndaşlarımızın da peşəkar işləri sayəsində heç bir ağır yol qəzası və ölüm halları yaşanmayıb. Sadəcə yüngül maddi zərərlə nəticələnən 7 yol qəzası qeydə alınıb”.

V.Əsədov bildirdi ki, sözügedən yol qəzaları 20 yanvar dairəsi ətrafında da qeydə alınıb:

"20 yanvar adlanan ərazidən Sumqayıt-Abşeron istiqamətində gedən yolda, Koroğlu metrosu ətrafından Mərdəkan-Buzovna istiqamətinə gedən yollarda, eyni zamanda metrostansiyaların çıxış istiqamətində də yüngül qəzalar qeydə alınıb. Lakin, heç bir ölüm halı baş verməyib. Təəssüf olsun ki, biz dünən bütün bu informasiyanı çətin şəraitdə mediaya ötürməyə çalışsaq da, bir sıra KİV buna biganə münasibət göstərdilər. Polis əməkdaşları gecə saatlarına qədər enişli-yoxuşlu yollarda (Səməd Vurğun küçəsi, Mirəli Qaşqai küçələrində) yaranan çətinlikləri aradan qaldırmaq üçün daim nəzarətdə saxlanılıb. Yol Hərəkəti Haqqında qanunun tələbinə əsasən nizamlanan və nizamlanmayan yol ayrıclarının keçmə qaydaları var ki, burada normal günlərdə belə təhlükəli hallar yaşana bilər. Dünənki vəziyyətdə isə polis işçiləri bu kimi təhlükəli yollarda təhlükəsizliyin təmin olunmasını tam şəkildə yerinə yetiriblər. Bəzi taksi sürücüləri vəziyyətdən istifadə edərək sərnişinləri incidirdilər. Şahidi olduğumuz bu kimi halların qarşısının alınmasında, müəyəən problemlər səbəbində yol ortasında sönüb qalan avtomobillərin zolaqdan çıxarılması və s. halların aradan qaldırılması da tərəfimizdən həyata keçirilib”.

V.Əsədov fövqaladə hallar zamanı deyil, hər zaman özlərinin və digər vətəndaşların təhlükəsizliyi baxımından yol hərəkəti qaydalarına riayət etməyə çağırıb:

"Sürücüləri təmkinli olmağa çağırırıq. Qəza hallarının olmaması üçün onları sükan arxasında mümkün qədər peşəkar olmağa dəvət edirik”./publika.az

Xəbər lenti