Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. XəzərXəbər-in məlumatına görə, memorandumu Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov
və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının
baş katibi Elhadj As Sy imzalayıblar. Memorandumun imzalanmasında məqsəd
Azərbaycan ilə Federasiya arasında qarşılıqlı maraq doğuran sahələrdə
əməli əməkdaşlığın genişləndirilməsi üçün münbit şəraitin
yaradılmasıdır.
Əli Əhmədov bildirib ki, Azərbaycanla Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında dərin köklər mövcuddur.
Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
haqqında məlumat verib. Bildirib ki, münaqişə nəticəsində Azərbaycan
torpaqlarının 20 faizi işğal olunub və 1 milyondan çox soydaşımız
yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Ermənistanın ölkəmizə
hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində meydana çıxan ağır
humanitar böhranın həllində və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
inkişafında Federasiyanın xidmətləri var. O, qurumun Azərbaycana fəal
surətdə göstərdiyi dəstəyin hökumətimiz tərəfindən yüksək
qiymətləndirildiyini vurğulayıb.
"Məcburi köçkünlərin
sosial-iqtisadi və yaşayış durumunun yaxşılaşdırılması ölkəmizin
humanitar ölçüdə müəyyənləşdirdiyi əsas prioritet sahələrdəndir”, -
deyən Baş nazirin müavini bu gün əhalinin həssas təbəqəsi sayılan qaçqın
və məcburi köçkünlərə yardım göstərilməsi və onların müdafiəsinin təmin
edilməsində dövlətimiz tərəfindən genişmiqyaslı işlərin görüldüyünü
diqqətə çatdırıb.
Baş nazirin müavini iyulun 11-də məcburi köçkün soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğal edilmiş Kəlbəcər
rayonu ərazisində öz doğmalarının məzarlarını ziyarət edərkən ermənilər
tərəfindən qanunsuz olaraq həbs edilmələrindən 4 il keçdiyini deyib.
Qeyd edib ki, bu məsələdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara
Cəmiyyətləri Federasiyası öz imkanlarından və nüfuzundan istifadə
etməlidir. O, günahsız insanların həbsdən azad edilməsi istiqamətində
fəal işlər aparılmasının vacibliyini vurğulayıb.
Beynəlxalq Qızıl
Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As
Sy ölkəmizdə olmasından və ona göstərilən yüksək qonaqpərvərlikdən
məmnunluğunu bildirib. Qonaq təmsil etdiyi təşkilatla Azərbaycan
Hökuməti arasında əməkdaşlığın gücləndirilməsinin yaxşı imkanlar
açacağına əminlik ifadə edib. Azərbaycan dövlətinin öz yurd-yuvalarından
didərgin düşən soydaşları üçün yaratdığı şəraiti yüksək
dəyərləndirdiklərini vurğulayan baş katib əsas hədəflərinin təkcə
Azərbaycanda deyil, bütün regionda ehtiyacı olan insanların həyat
şəraitini öyrənməklə onlara yardım etmək olduğunu bildirib.
Görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.