Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-dən 6-dək Azərbaycan
Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin
iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.
Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək
tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və
artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan,
30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Təlimlərdə
döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla
qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən
şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket,
artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları
(PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum
əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi
üzrə tapşırıqları yerinə yetirəcək.
Kəskin kəsişən ərazi və
mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində
keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı
fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də
şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki
epizodlar icra ediləcək.
Təlimlərdə Azərbaycan Ordusunun
silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi
texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının
keçirilməsi nəzərdə tutulub.