Havanın hərarətinin
kəskin surətdə yüksəlməsini nəzərə alaraq, şəxsi heyətin, xüsusilə də
gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət
şəraitinin təmin olunması məqsədilə müdafiə nazirinin əmrinə əsasən
xüsusi rejim tətbiq olunub.
Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, görülən tədbirlər nəticəsində əsgər
yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı
sinif otaqlarında müasir kondisionerlər quraşdırılıb, hərbi hissələr
sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilib.
İstilik və
günvurmanın profilaktikası, şəxsi heyətin su təchizatının nizamlanması
üzrə kompleks tədbirlər görülür. Döyüş hazırlığı məşğələləri səhər saat
11.00-dək və saat 17.00-dan sonra keçirilir, hərbi qulluqçulara günorta
vaxtı istirahət verilir.
Hərbi hissələrin ərazilərində, döyüş
mövqelərində və təlim yerlərində şəxsi heyətin birbaşa günəş şüasından
qorunması üçün kölgəliklər və duş yerləri hazırlanıb. Bütün hərbi
qulluqçular daim qablaşdırılmış içməli su ilə təmin olunur.