"Təbiət bizə imkan
verir ki, yay mövsümündə uşaqların orqanizmini möhkəmləndirək, günəş,
su, qum vannasından istifadə edək. Mövcud meyvələr və tərəvəzlərdən
istifadə etməklə onların orqanizmini möhkəmləndirmək mümkündür. Digər
tərəfdən isə bu bolluğun içərisində səhvlərə yol verəriksə, ağır
fəsadlarla rastlaşarıq. Yay mövsümündə uşaqların isti və günvurma
halları, qida toksiki infeksiyaları və qida zəhərlənmələri riskləri
var”.
Bu barədə AzVision.az-a Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev bildirib.
Direktorun
sözlərinə görə, yay mövsümündə insanları ən çox narahat edən məsələlər
uşaqlarda günvurma və qidaların tez xarab olması ilə bağlı yaranan
pozğunluqlardır. Valideynlər, tibb işçiləri uşaqlarla bağlı məsələlərdə
diqqətli olmalıdırlar.
"Valideynlərə məsləhətimiz odur ki, 1
yaşından az olan körpələri yay mövsümündə əlavə qidaya keçirməsinlər.
Yay mövsümündə əgər uşağın ana südü ilə bəslənməyi 6 aya çatıbsa və
əlavə qidaya keçmək vaxtıdırsa, onu bir-iki ay geri çəkmək lazımdır. Ana
südü ilə qidalanmanı davam etdirərək, əlavə qidaya keçidi sentyabrdan
sonra başlasınlar”.
Baş
pediatr deyib ki, uşaqların qidaları onların yaşına uyğun olaraq təmin
olunmalıdır: "Yəni uşağa aid qidaları vermək lazımdır. 1 yaşında olan
uşağa valideynlər kabab versələr, xəstələnmə baş verəcək. Müxtəlif
meyvələri uşaqda sınaqdan keçirməklə problemlər ortaya çıxa bilər. Təbii
ki, indi satışa çıxarılan qarpız, yemiş, qovunun istixanada
yetişdirilməsi hamıya məlumdur. Klassik olaraq biz görmüşük ki, qarpız,
yemişin yetişmə vaxtı avqust ayında olur. İyun ayında görünürsə, o zaman
həmin tərəvəz bitkiləri suni becərmə üsulları, istixanalarda gübrələrlə
yetişdirilib. Bunları uşaqlara vermək çox risklidir, zəhərlənmələr
görünə bilər. Valideynlər bu bostan bitkilərindən uşaqları kənar
tutmalıdır”.
N.Quliyev,
həmçinin valideynlərə xəbardarlıq edib. Bildirib ki, uşaqları icazə
verilməyən çimərliklərə aparmaq olmaz. "Heç kəs şərait olan halda qadağa
qoymaz. Qadağa qoyulmasına səbəb həmin bölgədəki suda bakteriyanın
yüksək olmasıdır. Bəzən valideynlər heç nəyə məhəl qoymadan uşağı həmin
yerlərə aparır. Uşaqları açıq günəş altında saxlamaq olmaz. Saat 11 və
ya 12-nin yarısından 16:00-ya kimi uşaqları dəniz sahilinə aparmaq,
günəş altında tutmaq qəti qadağandır. Bu, uşaqlarda isti və günvurmasına
gətirib çıxarır. Kölgəlikdən istifadə etmək lazımdır, uşaqların çətirli
papaqları olmalıdır”.
Baş
pediatr vurğulayıb ki, uşaqlarda yay mövsümündə narahatçılıq yaranırsa,
bu, bizim buraxdığımız səhvlər nəticəsində olur: "1-5 yaşadək olan
uşaqlara dalbadal dondurma verirlərsə, onda qısa müddətdə irin, angena
inkişaf edir. Yay mövsümü başlayandan bizə əsasən angena, dondurma ilə
əlaqədar müraciətlər edilir. Klinikamızda isti və ya günvurma ilə bağlı
hospitalizasiya olunan qeydə alınmayıb”.