İyun ayının 24-dən 28-dək AVRONEST Parlament Assambleyasının 7-ci sessiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən XəzərXəbər-ə
verilən xəbərə görə, plenar sessiyada Azərbaycandan deputatlardan
ibarət nümayəndə heyəti, digər üzv dövlətlərin nümayəndələri, Aİ-nın bir
sıra qurumları, beynəlxalq və yerli QHT nümayəndələri və digər rəsmi
şəxslər iştirak edib.
Brüsseldə keçirilən sessiya çərçivəsində Avropa
İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhlükəsizlik çağırışları,
insan hüquqları və demokratiya, iqtisadi inteqrasiya, enerji
təhlükəsizliyi, bu ölkələrə xarici investisiyaların qoyulması,
qeyri-rəsmi əmək məsələlərinin həlli və işçilərin sosial
təhlükəsizliyinin gücləndirilməsi kimi məsələlər müzakirə olunub.
Sessiya iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin nümayəndəsi tərəfindən "ASAN xidmət” modeli və "ASAN
xidmət” çərçivəsində reallaşdırılmış layihələrlə bağlı məlumat verilib.
Bildirilib
ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq
prinsipləri əsasında fəaliyyət göstərən "ASAN xidmət”in əsas məqsədi
dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiyaya hallarının
qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və
vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların
səmərəliliyini artırmaqdır.
Daha sonra sessiyada müzakirə olunan
mövzulara toxunularaq bildirilib ki, müzakirə mövzusu olan məsələlərlə
bağlı daimi olaraq Azərbaycanda müsbət yöndə islahatlar aparılır.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
tabeliyində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi
sessiyada müzakirə olunan qeyri-rəsmi əmək məsələlərinin həlli və
işçilərin sosial təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yaradılıb.
Mərkəz
əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi ilə
bağlı tədbirlər görür və bu sahədə monitorinqlərin təşkilində müasir
innovasiyalardan istifadə edir, tikinti sektorunda qeyri-rəsmi əmək
münasibətlərinin qarşısının alınması sahəsində monitorinqlər həyata
keçirir. Sonda Dövlət Agentliyi tərəfindən vətəndaşlara xidmət sahəsində
aparılan institusional islahatlar çərçivəsində həyata keçirilən "ASAN
Viza” , "ASAN kommunal”, "ASAN ödəniş” "ASAN Radio”, "ABAD” və s. layihələr haqqında geniş məlumat verilib.