Prezident İlham Əliyev
"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.
XəzərXəbər xəbər verir ki, "qanunda deyilir: " "Yol hərəkəti haqqında" Azərbaycan
Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddə üzrə:
1.1.1. aşağıdakı məzmunda 25-1-ci – 25-3-cü bəndlər əlavə edilsin:
"25-1)
trisikl - işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki
ilə hərəkətə gətirilən və ya mühərrikinin tipindən asılı olmayaraq,
maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta
uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki
nəqliyyat vasitəsidir;
25-2) yüngül kvadrisikl - yüksüz
vəziyyətdə kütləsi 350 kiloqramdan (elektrik mühərrikli nəqliyyat
vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) çox olmayan
dördtəkərli aşağıdakı mexaniki nəqliyyat vasitələridir:
işçi həcmi 50 kub santimetrdən çox olmayan məcburi alışdırmalı daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;
maksimal effektiv gücü 4 kVt-dan çox olmayan digər növ daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;
uzunmüddətli
yüklənmə rejimində mühərrikinin nominal maksimal gücü 4 kVt-dan çox
olmayan elektrik mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;
25-3)
kvadrisikl – bu Qanunun 1-ci maddəsinin 25-2-ci bəndində nəzərdə
tutulmuş nəqliyyat vasitələri istisna olmaqla, yüksüz vəziyyətdə kütləsi
400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri
üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat
vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal
effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki
nəqliyyat vasitəsidir;”;
1.1.2. 26-cı bənddə "tam ləvazimatlı
vəziyyətdə kütləsi 400 kiloqramdan çox olmayan üç və dördtəkərli
mexaniki nəqliyyat vasitələri də” sözləri "trisikllər və yüngül
kvadrisikllər” sözləri ilə əvəz edilsin.
1.2. 16-cı maddənin II
hissəsinin ikinci cümləsinə, 37-ci maddənin I hissəsinin 8-ci bəndinə,
55-ci maddənin V hissəsinin 2-ci bəndinə, 78-ci maddənin III hissəsinə
(hər iki halda) "kateqoriyalı” sözündən sonra "(altkateqoriyalı)” sözü
əlavə edilsin.
1.3. 33-cü maddə üzrə:
1.3.1. II hissə aşağıdakı redaksiyada verilsin:
"II. Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və "A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3)
"A”, "B”, "C” kateqoriyalarına, "B1” və "C1” altkateqoriyalarına daxil
olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;
4) "BE”
kateqoriyasına və "C1E” altkateqoriyasına daxil olan nəqliyyat
vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq "B” və ya "C”
kateqoriyasına (o cümlədən "C1” altkateqoriyasına) daxil olan nəqliyyat
vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq
şərtilə);
5) "CE” kateqoriyasına daxil olan nəqliyyat
vasitələrini idarəetmə hüququ - 21 yaşdan ("C” kateqoriyasına daxil olan
nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az
olmamaq şərtilə);
6) "D” kateqoriyasına daxil olan nəqliyyat
vasitələrini, tramvayları və trolleybusları və "D1” altkateqoriyasına
daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65
yaşadək, habelə "B”, "C” və ya "C1” kateqoriyalarına daxil olan
nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az
olmamaq şərtilə);
7) "D1E” altkateqoriyasına daxil olan nəqliyyat
vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə "D”
kateqoriyasına və ya "D1” altkateqoriyasına daxil olan nəqliyyat
vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq
şərtilə);
8) "DE” kateqoriyasına daxil olan nəqliyyat
vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə "D”
kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində
təcrübə üç ildən az olmamaq şərtilə).”.
1.3.2. aşağıdakı məzmunda II-I hissə əlavə edilsin:
"II-I.
Hərbi qulluqçular "CE”, "D”, "DE” kateqoriyalarına və "D1E”
altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu
19 yaşdan əldə edə bilərlər.”.
1.4. 34-cü maddə üzrə:
1.4.1. I hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”;
1.4.2. II hissənin 1-ci bəndinə "motosikletləri,” sözündən sonra "kvadrisiklləri, trisiklləri,” sözləri əlavə edilsin;
1.4.3. III hissə aşağıdakı redaksiyada verilsin:
"III.
Sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan
Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ” və
rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:
1. vəsiqə sahibinin soyadı;
2. vəsiqə sahibinin adı və atasının adı;
3. vəsiqə sahibinin doğulduğu tarix və yer;
4a. vəsiqənin verildiyi tarix;
4b. vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix;
4c. vəsiqəni vermiş qurumun adı və ya möhürü;
4d. vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi;
5. vəsiqənin nömrəsi;
6. vəsiqə sahibinin fotoşəkli;
7. vəsiqə sahibinin imzası;
8. vəsiqə sahibinin yaşayış yeri;
9. vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları);
10. hər bir kateqoriyanın (altkateqoriyanın) verildiyi tarix;
11. hər bir kateqoriyanın (altkateqoriyanın) etibarlılıq müddətinin qurtardığı tarix;
12.
hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya
məhdudiyyətlər (eynəklə idarəetmə və ya yalnız avtomatik transmissiyalı
nəqliyyat vasitələrini idarə etmək hüququnun verildiyinə dair qeyd);
14.
qeydiyyat və ya yol hərəkətinin təhlükəsizliyinə aid olan digər
məlumatlar (vəsiqə sahibinin qan qrupu və ya "əlil” tanınma nişanlı
nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd).”;
1.4.4. IV hissə üzrə:
1.4.4.1.
"Avtomobilləri və motosikletləri” sözləri "Bu Qanunun 34-cü maddəsinin
II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini”
sözləri ilə əvəz edilsin və "kateqoriyaları” sözündən sonra "və
altkateqoriyaları” sözləri əlavə edilsin;
1.4.4.2. 1-ci bənddə "motosikletləri” sözündən sonra ", trisiklləri və yüngül kvadrisiklləri” sözləri əlavə edilsin;
1.4.4.3. aşağıdakı məzmunda 2-1, 3-1, 4-1, 6-1 və 7-1-ci bəndlər əlavə edilsin:
"2-1) "B1” – bu Qanunun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün;
3-1)
"C1” - "D” kateqoriyasına və "D1” altkateqoriyasına aid edilməyən,
icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan
çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum
kütləsi 750 kq-dan artıq olmayan "C1” altkateqoriyasından olan
avtomobilləri idarə etmək üçün;
4-1) "D1” - sərnişin daşınması
üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından
əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə
qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D1”
altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6-1)
"C1E” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq,
lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə
tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "C1”
altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7-1)
"D1E” - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə
verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz
kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən
maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "D1” altkateqoriyasından
olan avtomobilləri idarə etmək üçün;”;
1.4.5. VI hissə aşağıdakı redaksiyada verilsin:
"VI. Sürücülük vəsiqəsindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunur.”;
1.4.6. Aşağıdakı məzmunda IX hissə əlavə edilsin:
"IX.
A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini
idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1,
B1, C1, D1, C1E və D1E alkateqoriyalarına daxil olan nəqliyyat
vasitələrini idarə etmək hüququnu təsdiq edir.”.
1.5. 35-ci maddə üzrə:
1.5.1.
I-I hissənin ikinci cümləsində "A1”, "A” və "B” kateqoriyalarına”
sözləri "A” və "B” kateqoriyalarına, "A1” və "B1” altkateqoriyalarına”
sözləri ilə əvəz edilsin;
1.5.2. II hissənin 2-ci bəndinə "kateqoriyalı” sözündən sonra "(altkateqoriyalı)” sözü əlavə edilsin;
1.5.3. VI hissənin 6-cı bəndi ləğv edilsin;
1.5.4. VII hissəyə "kateqoriyalar” sözündən sonra "(altkateqoriyalar)” sözü əlavə edilsin;
1.5.5. IX hissəyə "kateqoriyaların” sözündən sonra "(altkateqoriyaların)” sözü əlavə edilsin.
1.6.
37-ci maddənin V hissəsinin 2-ci bəndindən "nəqliyyat vasitəsini idarə
etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək,” sözləri
çıxarılsın.
1.7. 56-cı maddənin I hissəsində "S” kateqoriyalı”
sözləri "C” kateqoriyalı və ya "C1” altkateqoriyalı” sözləri ilə, "C” və
"D” kateqoriyalı” sözləri isə "C” kateqoriyasından ("C1”
altkateqoriyasından) əlavə "D” kateqoriyalı ("D1” altkateqoriyalı)”
sözləri ilə əvəz edilsin.
Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
2.2.
2019-cu il yanvarın 1-dək verilmiş sürücülük vəsiqələri, onların
dəyişdirilməsi üçün "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə
tutulmuş əsaslar müəyyənləşdirilənədək qüvvədə qalır.
2.3. Şəxs
sürücülük vəsiqəsinin yeni nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsi
üçün "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci
maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar
olmadan da müraciət edə bilər. Bu halda sürücülük vəsiqəsi "Yol hərəkəti
haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VII
hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir.