Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Pakistan İslam
Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair
Mahmud Hayatı qəbul edib. XəzərXəbər xəbər verir ki, Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək
üçün ölkəmizə gəlməsindən məmnunluğunu ifadə etdi və bunu ölkələrimiz
arasında qardaşlıq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi
dəyərləndirdi. Ölkələrimizin hər zaman bir-birini dəstəklədiyini deyən
dövlətimizin başçısı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal
edilməsi səbəbindən Pakistanın Ermənistanla diplomatik əlaqələr
qurmamasını yüksək qiymətləndirdi və qeyd etdi ki, bu, xalqlarımız
arasında qardaşlığı nümayiş etdirir və Azərbaycan xalqı bunu yüksək
dəyərləndirir.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev Pakistan rəhbərləri ilə görüşlərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev
qeyd etdi ki, ölkələrimiz arasında sıx siyasi əlaqələr mövcuddur və
eyni zamanda, müdafiə sahəsində də əməkdaşlıq uğurla inkişaf edir.
Azərbaycan Pakistanla hərbi əməkdaşlığı daha da genişləndirmək və
Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır. Ölkələrimizin
birgə hərbi təlimləri də bu məqsədə xidmət edir.
Xoş sözlərə görə minnətdarlığını bildirən Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayat Pakistan hökumətinin, xalqının və Silahlı Qüvvələrinin ən xoş arzularını Prezident İlham Əliyevə və xalqımıza çatdırdı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak
edəcəyindən məmnunluq hissi keçirdiyini deyən Birləşmiş Qərargah
Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayat tədbirin böyük əhəmiyyət
daşıdığını vurğuladı və bu münasibətlə təbriklərini çatdırdı.
Xalqlarımız arasında sıx əlaqələrin mövcud olduğunu deyən Zübair Mahmud
Hayat bu əlaqələrin tarixi və mədəni köklərə əsaslandığını vurğuladı.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.