Xəzər Xəbər

Bakıda CAMCA Regional Forumu keçirilir - FOTO

Gündəm | 10:58 • 22 İyun 2018
Bakıda CAMCA Regional Forumu keçirilir -

İyunun 22-də ADA Universitetində CAMCA Regional Forumu işə başlayıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, CAMCA Forumu bölgə dövlətləri ilə yanaşı, 20 müxtəlif ölkənin yüksək səviyyəli hökumət, biznes sektoru və elmi dairələrin nümayəndələrini bir araya toplayıb. CAMCA Regional Forumu geniş Mərkəzi Asiya coğrafiyasında iqtisadi artım və inkişaf məsələlərini işıqlandıran müzakirə platformasıdır.


Tədbir çərçivəsində bölgənin 10 ölkəsindən yerli gənc peşəkarlar, beynəlxalq ekspertlər və digər maraqlı tərəflər bir araya toplaşaraq müvafiq gündəm üzrə dialoq aparır, iqtisadi, siyasi və sosial inkişafa həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə intellektual töhfə verirlər.


CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan) Regional Forumu ABŞ-ın Ramsfeld Fondu tərəfindən hər ilin yaz və payız fəsli elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının məzunları üçün şəbəkələşmə məqsədi daşıyır. Təqaüd bölgə dövlətlərindən bir qrup gənc peşəkar liderə ayrılaraq onları altı həftə ərzində ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən tədqiqat proqramına dəvət edir. Proqram iştirakçıları burada Amerikanın hökumət, qeyri-hökumət və biznes dairələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirərək Mərkəzi Asiya və Qafqaz bölgəsi barədə məlumatı və fikir mübadiləsini qarşılıqlı şəkildə genişləndirir. Proqramın nəticəsi kimi, iştirakçılar birgə layihə üzərində çalışırlar. 2008-ci ildən etibarən təqaüd proqramında Azərbaycandan 17 nəfər iştirak edib. Bakı Forumunda Azərbaycan və digər ölkələrdən 120-ə yaxın CAMCA məzunu iştirak edir. Bundan əvvəlki forumlar 2017-ci ildə Düşənbədə, 2016-cı ildə Tbilisidə, 2015-ci ildə Ulan-Batorda, 2014-cü ildə isə Astanada təşkil edilib.

Xəbər lenti