Xəzər Xəbər

Cinayət törədənlərə elektron nəzarətin tətbiqinə başlanılıb

Gündəm | 16:01 • 20 İyun 2018
Cinayət törədənlərə elektron nəzarətin tətbiqinə başlanılıb

Azərbaycanda azadlığın məhdudlaşdırılması yeni cəza növünün - elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.


Bunu ədliyyə nazirinin müavini Məhərrəm Əliyev "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.


Nazir müavininin sözlərinə görə, Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı verdiyi sərəncam əsasında bir çox işlər həyata keçirilib, həbs edilmiş şəxslərin sayı azalıb.


M.Əliyev əlavə edib ki, son illər məhkəmə-hüquq sistemində aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində əhaliyə hüquqi yardımların göstərilməsinə xüsusi diqqət yetirilir.


Yeni regional məhkəmələrin təsis edilməsi, paytaxt və regionlarda yeni məhkəmə binalarının tikilməsi, məhkəmə fəaliyyətində ən son texnologiyaların-elektron məhkəmə sisteminin tətbiqi məhkəmələrin işinin keyfiyyətinə səmərəli təsir göstərib.


M.Əliyev qeyd edib ki, həyata keçirilən tədbirlər əhalinin məhkəmələrə olan inamını yüksəldib. Bunun nəticəsi olaraq məhkəmələrə edilən müraciətlərin sayı ilbəil artır.


Nazir müavini bildirib ki, 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 20 dəfədən çox artıb. (Trend)

Xəbər lenti