Xəzər Xəbər

Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların sayı 276 minə çatıb”

Gündəm | 12:29 • 20 İyun 2018
Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların sayı 276 minə çatıb”

"Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir".


Bunu "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının plenar iclasında Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç deyib. O bildirib ki, TANAP layihəsinin açılış mərasimi ilə Azərbaycan təbii qazının Türkiyə üzərindən Avropaya nəqli bu yaxınlığı daha da möhkəmləndirib.


Ş. Malkoç son 7 il ərzində Suriyada baş verən müharibə zamanı 13 milyon insanın qaçqına çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, 13 milyon qaçqından 5 milyonu qonşu dövlətlərə - İordaniya, Livan və Türkiyəyə pənah aparıb: "Bu 5 milyon qaçqının 3 milyon yarımı Türkiyədə yerləşdirilib. Həmin 3 milyon yarım suriyalı 31 milyon 454 dəfə müayinə olunub. Türkiyədə anadan olan suriyalı qaçqınların sayı 276 minə çatıb. Türkiyə məktəblərində təhsil alan suriyalı uşaqların sayı 700 min nəfər təşkil edir. Türkiyə dövlətinin suriyalı qaçqınlara xərclədiyi vəsait isə 30 milyard ABŞ dollardır".


Türkiyə ombudsmanı erməni silahlı bölmələri tərəfindən Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə yüz minlərlə azərbaycanlının məcburi köçkünə çevrildiyini xatırladıb. O qeyd edib ki, bir gün mütləq Qarabağ işğaldan azad olunacaq və azərbaycanlı məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar. (APA)

Xəbər lenti