Artıq Gəncə və Qəbələ
Beynəlxalq Hava limanlarında ASAN Viza özünəxidmət terminalları vasitəsi
ilə əcnəbilərə vizaların verilməsinə başlanılıb.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən XəzərXəbər-ə bildirilib ki, ilk olaraq 15 may 2018-ci il tarixindən etibarən Heydər Əliyev
adına Beynəlxalq Hava limanında ASAN Viza sistemi üzərindən vizaların
verilməsinə başlanılıb və bu günə kimi 7000-dən çox elektron vizanın
verilməsi təmin olunub.
ASAN Viza vasitəsi ilə hava limanlarında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin edilir.
Quraşdırılmış
ASAN Viza özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş
pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nəğd
ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub.
ASAN Viza
portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan,
ərəb, fars və rus dilində olmaqla - 7 dildə fəaliyyət göstərir.
Özünəxidmət
terminalları ilə yanaşı müvafiq pəncərələrdə viza verilməsi və bank
xidmətləri də həyata keçiriləcək ki, bu da ölkəyə gələn əcnəbilərə
vizaların verilməsində əlavə köməklik göstərir. Orta hesabla bir əcnəbi
vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunur.
Qeyd
edək ki, hazırda ASAN Viza portalı vasitəsi ilə 95 ölkəyə elektron viza
verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud
elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün
(standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi
www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.