Bu gündən
http://miq.edu.az/ saytında iş yerini dəyişmək istəyən müəllimlər üçün
onlayn qeydiyyata start verilir. Proses iyunun 11-dək davam edəcək.
Bu barədə XəzərXəbər-ə Təhsil Nazirliyindən məlumat verilib.
Qaydalara əsasən, Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə
ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə
dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan
(şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram
təminatı tətbiq olunmaqla həyata keçiriləcək.
Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək.
İlk
peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət
qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin
iş yerinin Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi
müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.
Namizədlər
şəxsiyyət vəsiqəsinin fin kodu ilə qeydiyyatdan keçdikdən sonra onlara
sistem tərəfindən müvafiq iş nömrəsi və parol təqdim olunur. Şəxsi
səhifəyə daxil olan hər bir namizəd ilk olaraq hazırda işlədiyi ümumi
təhsil müəssisəsinin adını, tədris etdiyi fənni, bölməsini qeyd etdikdən
sonra onun diaqnostik qiymətləndirmədə və ya müəllimlərin işə qəbulu
müsabiqəsində topladığı ballar sistem tərəfindən görünəcək. Əgər namizəd
işə qəbul üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya
daha çox sayda iştirak etmişdirsə, müsabiqəyə qatılmaq istədiyi balı
seçməlidir.
Daha sonra iş yerini dəyişmək istəyən müəllim şəxsi,
təhsil və digər zəruri məlumatları daxil edir. Digər məlumatlar
bölməsində namizəd iş yerini dəyişməsinin səbəbini, müvafiq sosial
amilləri qeyd etməli və təsdiqedici sənədləri yükləməlidir.
Son
olaraq namizəd vakansiya seçimi bölməsinə daxil olub, istəyi üzrə vakant
yer seçimini etməlidir. Namizədlər elektron ərizələrində yerdəyişmə
istədikləri 4 vakant yeri göstərə biləcəklər.
Yuxarıda qeyd
olunan qaydalara uyğun olaraq, müsabiqə zamanı bəzi sosial amillərlə
əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurularaq
hesablanır. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin
üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini
özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən
həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən
namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq
hesablanacaq. Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin
topladığı bal ən yüksək artım, yəni 1,1 artım əmsalına vurularaq
hesablanmalıdır.
Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra
iş yerini dəyişmək imkanı qazanan hər bir namizəd şəxsi işi ilə birlikdə
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət
göstərən İnsan Resursları Mərkəzinə dəvət ediləcək. Mərkəz əməkdaşları
namizədlərin şəxsi məlumatlarını araşdırdıqdan sonra müvafiq qərar qəbul
olunacaq.