Mayın 31-də ABŞ-ın
enerji paytaxtı sayılan, ABŞ-ın ən böyük şəhərlərindən olan və çoxsaylı
Azərbaycan icmasının yaşadığı Hyuston şəhərində Azərbaycan Xalq
Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş rəsmi tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən XəzərXəbər-ə verilən məlumata görə, tədbir Hyuston-Bakı
qardaşlaşmış şəhərlər Assosiyasiyası və Hyuston Birləşmiş Millətlər
Assosiyasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin çoxsaylı
qonaqları sırasında Texas ştatında akkreditə olunan xarici diplomatik
nümayəndəliklərin rəhbərləri, Azərbaycan, Yəhudi, Pakistan, Türk
icmalarının nümayəndələri və Texas ştatının bir sıra nüfuzlu ictimai və
dövlət xadimləri iştirak edib.
Tədbirdə Hyuston-Bakı
qardaşlaşmış şəhərlər Assosiyasiyasının və Azərbaycan Mədəniyyət
Mərkəzinin rəhbəri İradə Axundova çıxış edərək 1976-cı ildən fəaliyyət
göstərən Assosiyasiyanın yaranma tarixi və 42 il ərzində görülən işlər
barədə qonaqlara ətraflı məlumat verib. Hyustonla Qardaşlaşmış Şəhərlər
Assosiyasiyasının prezidenti Harri Gi öz çıxışında bayram münasibəti ilə
Azərbaycan icmasını təbrik edib və Hyuston şəhərinin xarici əlaqələri
barədə məlumat verib.
Daha sonra Birləşmiş Millətlər Assosiasiyasının rəhbəri Daniel Stoeker çıxış edərək, ABŞ-Azərbaycan
əməkdaşlığı barədə söz açıb və bu əməkdaşlığın dinamik şəkildə inkişaf
etdiyini qeyd edib. Amerika Yəhudi Komitəsinin Hyuston şəhəri üzrə
Regional direktoru Randall Çarlinski Azərbaycanda millətlər və dinlər
arası tolerantlıq barədə məlumat verərək, Azərbaycanın regionda İsrail
və ABŞ-ın
ən etibarlı tərəfdaşı olduğunu bildirib. 2017-ci ildə Texas ştatında
baş vermiş "Harvi” qasırğası nəticəsində dağıntıya məruz qalmış Beth
Yeşurun sinaqoqunun bərpasında Azərbaycan Dövlət Neft Şirkətinin
dəstəyindən danışaraq göstərilmiş köməkliyə görə minnətdarlığını ifadə
edib.
Azərbaycan icması adından çıxış edən Gülər Ələkbərova tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə məlumat verib. Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan-ABŞ
əlaqələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək Hyuston
şəhərinin bu əlaqələrin inkişafında xüsusi rolunun olduğunu qeyd edib.
Bugünkü Azərbaycanın 1918-ci ildə yaradılmış AXC-nin müstəqillik
ideyasının təcəssümü olduğunu bildirib. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan müasir Azərbaycanın müstəqil siyasətinin hal-hazırda prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə
çatdırıb. Aparılan müdrik siyasət nəticəsində ölkəmizin dünyada
etibarlı tərəfdaş və tolerantlıq məkanı kimi tanındığını bildirib.
Azərbaycanın bu gün uğurlu dövlət olduğunu, lakin dövlətimizin keçdiyi
yolun asan olmadığını qeyd edərək, müstəqilliyinin bərpasının ilk
günlərindən Ermənistanın hərbi təcavüzünə məruz qalması barədə tədbir
iştirakçılarına məlumat verib. Hərbi təcavüz nəticəsində bir milyondan
çox insan öz doğma ocaqlarından didərgin düşərək qaçqın və məcburi
köçkünə çevrildiyini qeyd edib. Bütün bu çətinliklərə baxmayaraq,
Azərbaycan hazırda regionun lider dövləti olduğunu qonaqların diqqətinə
çatdırıb. Səfir cari ilin 29 may tarixində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Avropanın enerji xəritəsini dəyişən "Cənub Qaz Dəhlizi” layihəsinin Bakıda rəsmi açılış mərasiminin keçirildiyini qeyd edib və bu tarixi hadisə barədə qonaqlara ətraflı məlumat verib.
Tədbirin
sonunda pianoçular Cəmilə Cavadova, Təranə Teylor və onların tələbələri
tərəfindən bu il 100 illiyi qeyd edilən bəstəkar Qara Qarayevin
əsərləri ifa edilib.