Bu gün Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin iclasında yeni hazırlanan "Məşğulluq
haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirə olunub. XəzərXəbər xəbər verir ki, layihə barədə komitə sədri Hadi Rəcəbli məlumat verib.
O, bildirib ki, qanun layihəsi 6 fəsil, 37 maddən ibarətdir.
Yeni
sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında
qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib. Qeydiyyata
alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi
nəzərdə tutulur.İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə
vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ
verilir. Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu
edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir.
Layihəyə
aktiv məşğulluq tədbirlərindən biri hesab olunan və hazırda tətbiqinə
önəm verilən özünə məşğulluğa dair yeni maddə daxil edilib. Çünki
hazırda qanunda bu tədbiri tənzimləyən müvafiq maddə yoxdur. Yeni maddə
ilə özünə məşğulluq tədbirlərinin mərhələləri və müddətləri monitorinq,
əmlakların qaytarılması və s. prosedurlar müəyyən edilib. Layihəyə
əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər
məşğulluğu olmayan şəxslər də, müvafiq şəxslərin ümumi sayının 50
faizindən çox olmamaq şərtilə, özünəməşğulluğa cəlb edilirlər.
İşsiz
şəxslərin özünəməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial
yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara,
pensiya yaşına iki ildən az qalan şəxslərə, cəzaçəkmə yerlərindən azad
edilmiş işsiz şəxslərə üstünlük verilir.
Layihədə işaxtaran və
işsiz şəxslərin sosial təminatlarına əlavələr edilib, peşə hazırlığı
dövründə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. O
qeyd edib ki, bu məbləğ hazırki məbləğdən (75 manat) 1.7 dəfə çoxdur.
Müzakirələrdən qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.