Prezident ilham Əliyev Azərbaycan Qadınlarının V Forumunun iştirakçılarına məktub ünvanlayıb.
XəzərXəbər xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Forum iştirakçıları! Əziz xanımlar!
Sizi
Azərbaycan Qadınlarının V Forumunun açılışı münasibətilə səmimi qəlbdən
təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Forumun Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi ilə əlaqədar keçirilməsinin dərin rəmzi mənası
vardır. Azərbaycan qadınları dünyanın bir çox qabaqcıl ölkələrinin
qadınlarından xeyli əvvəl, məhz müsəlman Şərqində ilk demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyəti
dövründə seçib-seçilmək hüququ qazanaraq ölkənin ictimai-siyasi,
sosial-iqtisadi və elmi-mədəni həyatında yaxından iştirak etməyə
başlamışlar. Ötən müddətdə onlar ölkəmizin xüsusən təhsil, səhiyyə və
mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulmasında
əzmkarlıqla çalışmış, nailiyyətlərlə zəngin bir yol keçmişlər. Şərq
qadınları arasında bir sıra sahələrdə ilk addımların Azərbaycan qadını
tərəfindən atılması ona ənənəvi olaraq cəmiyyətimizdə böyük ehtiram
bəslənməsinin, onun öz bilik və bacarığını gerçəkləşdirə bilməsinə
lazımi şərait yaradılmasının nəticəsidir.
Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin
suverenliyi, ərazi bütövlüyü uğrunda şücaət və qəhrəmanlıqlar göstərmiş
qadınlarımız həmin illərin mürəkkəb hadisələri zamanı yüksək
vətənpərvərlik əzmi və istiqlal ideallarına sadiqlik nümayiş etdirdilər.
Onlar çoxəsrlik milli-mənəvi dəyərlərimizi, müqəddəs ailə ənənələrimizi
bu gün də layiqincə yaşadır, ölkəmizin sosial-iqtisadi və elmi-mədəni
potensialının artırılmasında, multikultural və tolerantlıq mühitinin
qorunmasında qüvvələrini əsirgəmirlər. Azərbaycan dövlətinin qadınlarla
bağlı apardığı ardıcıl siyasət ayrı-seçkiliyin bütün formalarını aradan
qaldırmaqla qadınların bərabər hüquq və imkanlarının təmin edilməsinə
yönəlmişdir. Forumunuzda qəbul olunacaq qərarların bu siyasətin
təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyimi ifadə edirəm.
İnanıram
ki, Forum gender bərabərliyi siyasətinin həyata keçirilməsi
istiqamətində ölkədə son illər ərzində görülmüş işləri qiymətləndirəcək,
qarşıdakı dövr üçün prioritetləri müəyyənləşdirərək mühüm vəzifələr
irəli sürəcək və qadınları Azərbaycanın inkişafı naminə öz fəallıqlarını
daha da artırmağa sövq edəcəkdir".