Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan baş
naziri Nikol Paşinyanın oğlunun Azərbaycanın işğal olunmuş ərazilərində
hərbi qulluq keçməsi barədə məlumata münasibət bildirib.
Hikmət Hacıyev deyib ki, eyforiya dövrü artıq başa çatmaq üzrə olan
Ermənistanın Baş nazirinin öz oğlunu Azərbaycanın işğal olunmuş
ərazilərində hərbi xidmət keçməyə göndərməsini növbəti populizm cəhdi
kimi qiymətləndiririk.
XİN mətbuat xidmətinin rəhbəri bildirib
ki, Ermənistan Respublikası vətəndaşlarının digər dövlət olaraq
Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi beynəlxalq
hüququn norma və prinsiplərinin və hətta Ermənistan qanunlarının kobud
pozulmasıdır:
"Ermənistan rəhbərliyi bu addımı ilə Azərbaycanın
ərazilərinin işğalına görə beynəlxalq hüququ məsuliyyətin tam şəkildə
Ermənistanın üzərinə düşdüyünü bir daha təsdiq edir. Belə ki,
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi olaraq
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal
altında saxlanması davam edir. Ermənistan vətəndaşları, xüsusilə gənclər
təhsil və yaradıcı fəaliyyətlə məşğul olmaq əvəzinə öz həyatlarının ən
formativ dövrünü Azərbaycanın işğal olunmuş ərazilərində səngərlərdə
keçirməyə və işğalçı missiyada xidmət etməyə vadar edilirlər. Ermənistan
rəhbərliyinin bu kimi populist addımlar atmaq əvəzinə Ermənistanın
üzləşdiyi köklü sosial-iqtisadi problemlərin və Ermənistan-Azərbaycan
münaqişəsinin həlli, region ölkələri ilə sülh və mehriban qonşuluq
vəziyyətində yaşamaq barədə ciddi fikirləşməsi Ermənistan əhalisi üçün
daha faydalı olardı". (APA)