2018-ci ilin yanvar
ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası ərazisində Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər
planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların
brusellyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirlərinə start
verilib.
Nazirlikdən XəzərXəbər-ə verilən xəbərə görə, 2018-ci ilin 4 ayı ərzində bruselyoz xəstəliyinə
qarşı 123755 baş xırdabuynuzlu heyvanda "Rev-1” vaksini ilə, 56895 baş
iribuynuzlu heyvanda "S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb.
Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri
davam etdirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz
xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi
ilə 2018-ci ilin 4 ayı ərzində 457657 baş iribuynuzlu, 24259 baş
xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə
edilib.
Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti(DBNX) 2016-cı ilin may
ayından ölkə üzrə xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı
kütləvi peyvəndləmə tədbirinə başlayıb. Heyvanlar Ümumdünya Heyvan
Sağlamlığı Təşkilatının (ÜHST-OİE və ya BEB) tövsiyələrinə əsasən, dünya
praktikasında istifadə olunan "Rev-1" göz damcısı vaksini ilə peyvənd
olunur. Vaksin yalnız 3-8 aylıq dişi cavanlara və boğaz olmayan yaşlı
ana qoyun və şişəklərə tətbiq olunur.
2017-ci ilin iyul ayından
başlayaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ölkə ərazisində
iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsinə
start verilib.
Peyvəndləmə "S-19 " ştammı ilə aparılır. Bu
peyvənd vasitəsi iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyini
törədən "Brusella abortusa” qarşı immunitet yaradır.
Peyvəndləmə
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sahə baytar həkimləri tərəfindən
göz-damcı üsulu ilə 3-8 aylıq dişi danalar arasında aparılır. Ştamm
"S-19” peyvənd vasitəsinin iribuynuzlu heyvanlarda rast gələn "Brusella
mellitenzisə” də qarşı əsasən uzunmüddətli immunitet yaradır.