Xəzər Xəbər

"Rüstəm İbrahimbəyov bütün titullarından məhrum olunmalıdır"

Gündəm | 13:40 • 25 May 2018
"Rüstəm İbrahimbəyov bütün titullarından məhrum olunmalıdır"

Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü” filmi Ağdam rayon ictimaiyyəti, ziyalılar, Qarabağ müharibəsi veteranları, şəhid ailələri tərəfindən tənqid və hiddətlə qarşılanıb.


Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının sədri Baxşeyiş Hətəmli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: "Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü” filmində Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz obrazda, erməniləri isə alicənab, sülhsevər kimi təqdim edib. Torpaqlarımızın erməni işğalçılarından müdafiəsində iştirak etmiş keçmiş döyüşçü kimi deyə bilərəm ki, müharibə zamanı Azərbaycan əsgərləri heç vaxt mülki şəxslərə zərər verməyib. Rüstəm İbrahimbəyovun alicənab adlandırdığı ermənilər isə xalqımıza qarşı tarixin ən qəddar faciələrini törədiblər. Qadın, qoca, uşaq demədən dinc sakinləri vəhşicəsinə qətlə yetirib, işgəncələrə məruz qoyublar. Xocalı, Qaradağlı, Malıbəyli və adını çəkmədiyim bir çox faciələr bunun sübutudur. Rüstəm İbrahimbəyovun mədəni və sülhsevər adlandırdığı ermənilər yüzlərlə şəhər və kəndlərimizi yandırıb, yerlə-yeksan edib, bir milyondan çox sakini öz ata-baba yurdundan didərgin salıblar. Budurmu ermənilərin alicənablığı, sülhsevərliyi?!”


Baxşeyiş Hətəmli qeyd edib ki, "Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun azərbaycanlılara dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür, onun ermənipərəst simasını göstərir. "Mən bir Qarabağ müharibəsi iştirakçısı kimi bütün bunlara görə təəssüflənirəm və hiddətlənirəm. Rüstəm İbrahimbəyov kimi xainlərin, sapı özümüzdən olan baltaların azərbaycanlı adını daşımağa haqqı yoxdur. O, bütün titullarından məhrum olunmalıdır”, – deyə B.Hətəmli bildirib.

Xəbər lenti