Xəzər Xəbər

72 məhkum ombudsmanın vəsatəti ilə əfv olunub

Gündəm | 13:34 • 25 May 2018
72 məhkum ombudsmanın vəsatəti ilə əfv olunub

72 məhkum ombudsmanın vəsatəti ilə əfv olunub.


Bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.


E.Süleymanova qeyd edib: "Bu gün biz çox həyəcanlı bir gün yaşadıq. Yəni dünən ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncamla 634 məhkum əfv edildi və bu əfv sərəncamının icrasını bu gün həyata keçirdik".


Ombudsman bildirib ki, Azərbaycan yeganə ölkədir ki, qısa müddətdə, yəni müstəqilliyimiz dövründə 11 dəfə amnistiya aktı, 64 dəfə əfv sərəncamı icra olunub: "Bu, çox böyük rəqəmlərdir".


O əlavə edib ki, sonuncu əfv sərəncamı ilə azadlığa buraxılan 634 məhkumdan 72-si ombudsmanın vəsatəti, təklifi ilə əfv olunub.


E.Süleymanova əfv olunan şəxslərin səhvlərindən nəticə çıxaracaqlarına əmin olduğunu bildirib.


Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı imzalayıb.


Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.


Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.


Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olunub.


Bundan başqa, Nardaran hadisələrində təqsirləndirilən Babayev Nadir Ağaəli oğlu, Qasımov Əliağa Mahmud oğlu, Cabbarov Hilal Dəmir oğlu, Qurbanov Ələkbər Tofiq oğlu, Şahbazov Fail Atabala oğlu, Şahbazov Natiq Atabala oğlu, Quliyev Məmmədhənfə Əbdülrəhman oğlu, "2012-ci il Avroviziya işi"ndə təqsirləndirilən Abdullayev Valeh Məmmədağa oğlu, həmçinin AXCP üzvü Fərəcov Elnur Hüseynqulu oğlu və yazıçı Şəkərov Saday Əsəd oğlu da əfv olunanlar arasındadır. (Trend)

Xəbər lenti