BMT İnsan Hüquqları
Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 30-cu sessiyası
çərçivəsində Cenevrədə Azərbaycanın milli məruzəsinə baxılıb.
Ədliyyə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, dövlət başçısının 2018-ci il 7 may tarixli
Sərəncamına uyğun olaraq ölkəmiz sessiyada yüksək səviyyədə nümayəndə
heyəti ilə təmsil olunub. Tədbirdə nümayəndə heyətinin üzvü, ədliyyə
nazirinin müavini Toğrul Musayev iştirak edib.
Sessiyada
Azərbaycanın milli hesabatı təqdimat olunub, ötən müddətdə insan
hüquqlarının müdafiəsi üzrə həyata keçirilən tədbirlər barədə geniş
məruzə dinlənilib, sonra interaktiv dialoq çərçivəsində dünyanın bütün
regionlarını təmsil edən BMT-yə
üzv 106 dövlətin nümayəndələri ölkəmizdə insan hüquqlarının vəziyyətinə
dair münasibət bildiriblər. Konstruktiv və səmimi şəraitdə keçən
müzakirələr zamanı iştirakçı dövlətlərin nümayəndələrinin sualları
ətraflı məlumatlarla və şərhlərlə cavablandırılıb.
Nazir müavini
Toğrul Musayev çıxış edərək insan hüquqlarının qorunmasına xidmət edən
məhkəmə-hüquq islahatlarından, bu sahədə qanunvericiliyin
təkmilləşdirilməsindən, müstəqil məhkəmə özünüidarə orqanlarının
səmərəli fəaliyyətindən, Dünya Bankı ilə birgə əməkdaşlıqda məhkəmə
infrastrukturunun müasirləşdirilməsindən və elektron məhkəmə sisteminin
tətbiqindən, hakimlərin Avropada
örnək kimi dəyərləndirilən ən şəffaf seçimindən bəhs edib. Bildirilib
ki, bu sahədə islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək
qiymətləndirilir.
Eyni zamanda, vəkillik təsisatının islahatı,
Vəkillər Kollegiyasının müstəqilliyinin təmin olunması, bu qurumun yeni
nəsil hüquqşünaslarla komplektləşdirilməsi və vəkillərin sayının
artırılması ilə bağlı görülən konkret işlər diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin
penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza siyasətinin
humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının
hüquqi sahədə islahatların yeni mərhələdə intensiv davamına təkan
verdiyi vurğulanaraq bu mühüm sənədin icrası üzrə həyata keçirilən
tədbirlərdən danışılıb, probasiya xidmətinin yaradıldığı, elektron
nəzarət vasitələrinin tətbiqinə başlanıldığı qeyd olunub.
Həmçinin,
işgəncə və pis rəftara qarşı mübarizə və bununla bağlı dözümsüzlüyün
nümayiş etdirilməsi, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla
səmərəli əməkdaşlığın həyata keçirilməsi barədə məlumat verilib.
Nazir
müavini çıxışında vətəndaş cəmiyyətinin inkişafını, bu sahədə
qanunvericilik və institusional islahatların aparılmasını qeyd edib.
Sessiyada
Azərbaycanın milli məruzəsinin dolğun məzmuna malik olduğu və məruzə
ətrafında məhsuldar müzakirələrin aparıldığı bildirilib, təqdim olunan
məruzəyə böyük maraq göstərilərək respublikamızda insan hüquqlarının
təmin olunmasına dövlət səviyyəsində ciddi münasibət bəslənildiyi
vurğulanıb, çıxış edənlərin böyük əksəriyyəti Azərbaycanda insan
hüquqları sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib
və bu təcrübənin davam etdirilməsini tövsiyə ediblər.
Ölkəmizin
milli məruzəsi ilə bağlı aparılan müzakirələr demokratik hüquqi dövlət
quruculuğu yolu ilə inkişaf edən Azərbaycanda dövlət başçısının
rəhbərliyi ilə uğurla davam etdirilən mütərəqqi islahatlara bir daha
beynəlxalq marağın artdığını göstərib.