Bölgələrə səfəri
çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayon Kənd
Təsərrüfatı İdarəsinin Bitki mühafizə, Aqrokimya və Toxumçuluq
laboratoriyalarına baxış keçirib. Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, nazirə rayonda yerləşən və pomidor yetişdirilən
istixananın istehsal gücü barədə məlumat verilib. Bildirilib ki,
istixana kompleksi Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları
əsasında qurulub, tam avtomatlaşdırılmış iqlim kontrol sistemləri,
istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri ilə təchiz edilib.
Müasir
texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində enerji
xərclərinə qənaət edilir ki, bu da yetişdirilən tərəvəz məhsullarının
maya dəyərinin aşağı olmasına və bazara rəqabətədavamlı məhsul
çıxarılmasına imkan verir. Kompleksdə ilkin olaraq faraş pomidor əkilir.
Məlumat verilib ki, burada şitillərin tozlandırılması xüsusi işçi
arılar vasitəsi ilə həyata keçirilir ki, nəticədə yüksək məhsuldarlıq
əldə olunur. İstehsal prosesində yalnız orqanik gübrə və dərman
preparatlarından istifadə olunur.
Məhsulların
itkisiz və qısa müddətdə istehlakçılara çatdırılması məqsədi ilə xüsusi
nəqliyyat vasitələri alınıb. İstehsal olunan tərəvəz məhsulları daxili
bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Kompleksdə məhsulların
qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən
istehlakçılara çatdırılmasına imkan verir.