ABŞ-ın Kaliforniya
ştatının qubernatoru Edmund Braun Azərbaycan Demokratik Respublikasının
100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan XəzərXəbər-ə verilən məlumata görə, qubernator bəyannamədə qeyd edib: "Kaliforniya
ştatı adından müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika
olan və ilk dəfə qadınlara səsvermə hüququ verən Azərbaycan Demokratik
Respublikasının 100 illiyi münasibətilə Azərbyacanı təbrik etməkdən
şərəf duyuram.”
E.Braun sənəddə Azərbaycanın qədim tarixə malik
tolerantlıq ənənələrini, ölkədə müsəlman, xristiyan və yəhudilər
arasında dinlərarası harmoniyanı və onların sülh şəraitində
birgəyaşayışını yüksək qiymətləndirdiyini vurğulayıb. Qubernator on
minlərlə azərbaycanlının bu gün Kaliforniyada yaşayaraq, bu ştatın
inkişafına və multikulturalizminə öz töhfələrini verdiyini diqqətə
çatdırıb.
O, həmçinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini
bərpa etdikdən sonra öz azadlığını və müstəqilliyini gücləndirdiyi,
dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə
çevrildiyini qeyd edib. Sonda qubernator Azərbaycan xalqını bir daha bu
tarixi gün münasibətilə təbrik edərək, Azərbaycana bundan sonra da
uğurlar arzulayıb.
Qeyd edək ki, 39 milyon əhalisi olan Kaliforniya ştatı əhali və iqtisadi gücünə görə ABŞ-ın ən böyük ştatıdır. 2.7 trilyon dollarlıq ÜDM-ə malik bu ştat ötən ay Böyük Britaniyanı
qabaqlayaraq dünyanın ən güclü 5-ci iqtisadiyyatı olub. 1 milyonadək
erməninin yaşadığı Kaliforniya dünyada ermənilərin ən sıx yaşadığı
məkanlardandır.