Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Nəsimi rayonu, M.Mirqasımovla
Azadlıq küçələrinin kəsişməsində söküntü işləri zamanı ətrafa
toz-dumanın qalxması və yaşıllıqların zədələnməsi barədə daxil olan
şikayət Ətraf Mühitin Mühafizəsi Departamentində yaradılmış növbətçi
qrup tərəfindən dərhal yerində araşdırılıb.
ETSN-dən XəzərXəbər-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda
söküntü işlərinin aparıldığı, təhlükəsizlik və sanitar normalara əməl
olunmadığı, ətraf ərazilərə toz-dumanın yayıldığı və 1 ədəd safora
ağacının zədələndiyi müəyyən edilib.
Araşdırma zamanı "Azadlıq
Residence” MMC tərəfindən "Pilot Layihə” çərçivəsində Nəsimi rayon İcra
Hakimiyyəti başçısının sərəncamı əsasında ərazidəki mövcud qəzalı
binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi
üçün söküntü işlərinin aparıldığı məlum olub. Mütəxəssislər tərəfindən
ərazidə atmosfer havasında ölçmə işləri aparılıb və tozun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı akt və protokol tərtib olunub. Hazırda qanun pozucusu barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.