Xəzər Xəbər

Məmmədyarov BƏT-in baş direktoru ilə görüşüb

Gündəm | 09:59 • 22 May 2018
Məmmədyarov BƏT-in baş direktoru ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


XİN-dən XəzərXəbər-ə verilən məlumata görə, ölkəmizdə olmasından məmnunluğunu bildirən Q. Rayder Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib.


Görüş zamanı tərəflər Azərbaycanda keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini və konfrans zamanı faydalı müzakirələrin aparıldığını vurğulayıblar. Həmçinin, tərəflər Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq bu əlaqələrin uğurla davam etdiriləcəyinə əminliklərini qeyd ediblər.

Q.Rayder Azərbaycanın son on illik ərzində sosial sahədə əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu qeyd edərək bu uğurlu təcrübənin digər ölkələrlə bölüşdürülməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov son illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının davamlı inkişafı, o cümlədən dayanıqlı inkişaf məqsədlərinin yerinə yetirilməsi, əhalinin əmək və sosial təminatı istiqamətində bir sıra mühüm işlər görüldüyünü, xüsusilə işsizliyin sürətlə azaldılması ilə bağlı qısa müddət ərzində böyük uğurların əldə edildiyini bildirib.

Həmçinin, müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi inkişafından danışan nazir Elmar Məmmədyarov bildirib ki, Azərbaycan bu nailiyyətlərə Ermənistanın hərbi təcavüzü, ərazilərimizin 20 faizinin işğalı və bir milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu şəraitində nail olub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Xəbər lenti