"Cənab Prezident, ilk
növbədə, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə
xoş gəlmisiniz. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki,
səfərin nəticələri Serbiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq
əlaqələrinin inkişafı üçün yeni imkanlar açacaqdır”. XəzərXəbər-in məlumatına görə, bunu bunu Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra mətbuata bəyanatında deyib.
"Biz
strateji tərəfdaşıq və bu gün imzalanan sənədlər arasında strateji
tərəfdaşlıq üzə Birgə Fəaliyyət Planı imzalanmışdır. Bu, çox geniş və
əhəmiyyətli sənəddir. Bu sənəddə bizim gələcək əməkdaşlığımızla bağlı
bütün önəmli məsələlər öz əksini tapmışdır. Biz beynəlxalq təşkilatlar
çərçivəsində daim bir-birimizi dəstəkləyirik. Bütün önəmli məsələlərdə
bir-birimizə dəstək göstəririk. Ölkələrimizin ərazi bütövlüyü,
suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün
beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik”-dyə İlham Əliyev qeyd edib.
Dövlət
başçısı bildirib ki, üzləşdiyimiz münaqişələr beynəlxalq hüququn norma
və prinsipləri əsasında, ölkələrimizin ərazi bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır:
"BMT
Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində öz həllini
tapmalıdır. Bu məsələ ilə bağlı biz daim bir-birimizə qarşılıqlı dəstək
göstəririk və bundan sonra da göstərəcəyik. Bu gün müzakirə olunan
məsələlər arasında bizim iqtisadi əməkdaşlıq məsələləri də geniş yer
almışdır. Biz bu istiqamətdə atılan addımları yüksək qiymətləndiririk.
Ancaq, eyni zamanda, tam əminik ki, mövcud ticarət dövriyyəsi bizim
iqtisadi potensialımızı əks etdirmir. Artım var, ancaq mütləq rəqəmlər
hələ də çox aşağıdır. Ona görə əminəm ki, səfər zamanı müzakirə olunan
və olunacaq məsələlər gələcəkdə ticarət dövriyyəsinin artırılmasına
gətirib çıxaracaq, bunun üçün yaxşı imkanlar var”.
İlham Əliyev
deyib ki, energetika sahəsində əməkdaşlıq üçün perspektivlər
ümidvericidir: "Bu məsələ imzalanan Fəaliyyət Planında öz əksini
tapmışdır. Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır və
fəal iştirakçısıdır. Onların arasında "Cənub Qaz Dəhlizi” layihəsi
xüsusi yer tutur. Gələn günlər ərzində biz artıq "Şahdəniz-2”
layihəsinin başa çatmasını qeyd edəcəyik. Gələn ay TANAP
layihəsi istismara verilməlidir. Beləliklə, Cənub Qaz Dəhlizinin əsas
layihələri artıq başa çatmış olacaqdır. Bu, enerji təhlükəsizliyi
məsələlərinə Azərbaycanın növbəti töhfəsidir. Bu nəhəng enerji layihəsi
geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini
göstərmişdir. Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq
yeni səviyyəyə qalxır.
Ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə bağlı Bakıda mərasim keçirilmişdir. Bu yol da çox böyük əhəmiyyətə malikdir. Bu yolun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlanır. Bu, Asiyadan Avropaya
və əks istiqamətə ən qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə
daşınır və yüklərin həcmi getdikcə daha da artacaq. Əlbəttə ki, biz
Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük. Hesab edirəm,
bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya
bilərlər ki, biz yükdaşımalarını artıra bilək. Beləliklə, ölkəmizin
təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri geniş
əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, turizmin inkişafına təkan
verəcək, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və beləliklə,
bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək,
təhlükəsizliyi təmin edəcəkdir”.
Dövlət başçısı qeyd edib ki, Serbiya ilə Azərbaycan arasındakı əlaqələrdə humanitar sahə çox önəmli yer tutur: "Cənab Prezident,
bilirəm ki, Siz Azərbaycan Dillər Universitetində "Serb Dili və
Mədəniyyəti Mərkəzi”nin açılışında da iştirak edəcəksiniz. Əminəm,
bilirsiniz və görəcəksiniz ki, Sizin xalqınıza, xalqınızın
mədəniyyətinə, ədəbiyyatına Azərbaycanda çox böyük maraq, böyük hörmət
var. Humanitar sahədə mövcud olan əlaqələr xalqlararası əlaqələrin
inkişafında mühüm yer tutur.
Hesab edirəm ki, turizm sahəsinin
qarşılıqlı şəkildə inkişaf etdirilməsi həm ölkələrimizə gəlir gətirəcək,
həm də insanlar bir-birini daha yaxından tanıyacaqlar, dost olacaqlar,
necə ki, bizim ölkələr. Bizim ölkələrimiz dost ölkələrdir, qeyd etdiyim
kimi, strateji tərəfdaşlardır. Əminəm, səfərdən sonra əlaqələrimizə yeni
dinamika, yeni təkan veriləcəkdir ki, Serbiya ilə Azərbaycan daim
bir-birini dəstəkləyən, bir-birinə kömək edən ölkələr kimi fəaliyyət
göstərsinlər.
Sizin ölkənizdəki işlərlə bağlı apardığınız
siyasəti biz yüksək qiymətləndiririk. Siz Serbiyanın müstəqil siyasətini
müdafiə edirsiniz, ölkənizi inamla idarə edirsiniz. Xalq Sizə böyük
dəstək göstərir. Sizin siyasətiniz Serbiya xalqı tərəfindən yüksək
qiymətləndirilir. Biz Sizin dostlarınız kimi buna sevinirik. Əminik ki,
Serbiya-Azərbaycan əlaqələri bundan sonra da Sizin gündəliyinizdə önəmli
yer tutacaqdır. Serbiya ilə əlaqələr bizim üçün çox böyük əhəmiyyət
kəsb edir. Əminəm ki, gələcəkdə bu əlaqələrin uğurlu inkişafı üçün bütün
imkanlar, şərait var. Əsas odur ki, çox güclü qarşılıqlı müştərək iradə
var. Hesab edirəm ki, biz gələcək illəri də bu arzularla yaşayacağıq,
Serbiya-Azərbaycan əlaqələrini inkişaf etdirəcəyik. Sağ olun”.