Bu gündən etibarən
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında
olduğu yer üzrə qeydiyyata alınması ilkin olaraq elan edildiyi kimi
Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya idarələri ilə
paralel olaraq Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, artıq ölkədə
fəaliyyət göstərən bütün "ASAN xidmət” mərkəzlərində həyata
keçiriləcəkdir.
DMX-dan XəzərXəbər-ə verilən xəbərə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
"ASAN xidmət” mərkəzlərində olduğu yer üzrə qeydiyyata alınması Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi arasında bu il mayın 17-də imzalanmış Anlaşma Memorandumunun
icrasına əsasən həyata keçirilir.
Memoranduma əsasən Dövlət Miqrasiya Xidməti
ölkədə 10 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilərin və ya
vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə
bağlı müraciətlərin "ASAN xidmət” mərkəzlərində qəbulunun həyata
keçirilməsini təmin etmək, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi isə nəzərdə tutulan xidmətin innovasiyaların
tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsi üçün əlverişli
şərait yaratmaq öhdəliyini götürüblər.
Məqsəd olduğu yer üzrə
qeydiyyat prosesində şəffaflığın, rahatlığın təmin edilməsi, mümkün
növbələrin qarşısının alınması, xidmətdən istifadə məmnunluğunun
artırılması və şəxslərin müraciət imkanlarının genişləndirilməsidir.