Əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin Respublika Əlillərin
Bərpa Mərkəzində, Protez-Ortopedik Bərpa Mərkəzində və Mərdəkan Müalicə
Pansionatında olub.
Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, Respublika Əlillərin Bərpa Mərkəzinə gələn
S.Babayev burada əlilliyi olan şəxslərin sağlamlığının bərpası yönündə
aparılan işlərlə yaxından tanış olub. Nazir müəssisədə bərpa müalicə
kursu keçən əlilliyi olan şəxslərlə görüşüb, göstərilən reabilitasiya
xidmətləri ilə bağlı onların fikirlərini öyrənib.
S.Babayev
reabilitasiya işlərinin səmərəli təşkili, bu sahədə mütərəqqi dünya
təcrübəsində mövcud olan və konkret nəticələr əldə etməyə imkan verən
bərpa müalicə proqramlarının tətbiqi, reabilitasiya səviyyəsinin
artırılması üçün səylərin gücləndirilməsi, bərpa müalicəsinə cəlb olunan
hər bir əlilliyi olan şəxsə diqqət və qayğı ilə yanaşılması və s.
barədə tapşırıqlarını verib.
Dövlət başçısının "Azərbaycan
Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya
quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı
reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər
haqqında” 30 mart 2017-ci il tarixli sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Protez-Ortopedik Bərpa Mərkəzində hazırda yüksək texnologiyalı
protezlərin hazırlanması sexi yaradılır. S.Babayev Mərkəzə gələrək,
yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması işlərini
nəzərdən keçirib.
Sexdə müasir tələblərə uyğun şərait
yaradılmaqla, dünyanın qabaqcıl şirkətlərinin son texnologiyalar
əsasında istehsal etdikləri avadanlıqlar alınaraq quraşdırılıb. Hazırda
sexin yaradılması işləri artıq tamamlanmaq üzrədir. Nazir Mərkəzin
istehsal sahəsi, burada protez-ortopedik məmulat və reabilitasiya
vasitələrinin hazırlanması prosesi ilə yaxından tanış olub, müvafiq
tapşırıqlarını verib.
S.Babayev Nazirliyin Mərdəkan Müalicə
Pansionatında olarkən müəssisədə aparılan əsaslı təmir və yenidənqurma
işlərinin daha keyfiyyətlə yerinə yetirilməsini, əlilliyi olan insanlar
üçün müasir standartlar səviyyəsində reabilitasiya şəraitinin
yaradılmasını tapşırıb.