Mayın 18-də birlik,
birləşmə, hərbi hissə komandirləri və xüsusi təyinatlı hərbi təhsil
müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin iştirakı
ilə "Müasir döyüşün mənəvi-psixoloji təminatının aktual problemləri”
mövzusunda seminar keçirilib. Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov seminarda iştirak edən şəxsi heyətlə görüşüb.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir
dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Döyüş və
mənəvi-psixoloji hazırlıq işinin cari vəziyyəti ilə bağlı geniş təhlil
aparan general-polkovnik Z.Həsənov bu istiqamətdə fəaliyyətin yüksək
səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda
tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilmələri və bir
sıra digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
Ordumuzun qazandığı nailiyyətləri xüsusi qeyd edən Müdafiə naziri bu uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu prosesinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.
Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin
məqsədyönlü daxili və xarici siyasəti Ermənistanı bütün regional və
beynəlxalq iqtisadi layihələrdən təcrid edərək xarici yardımlardan asılı
vəziyyətə salıb. Nazir xüsusilə qeyd edib ki, Azərbaycanın iqtisadi
yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb.
Müdafiə
naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi,
təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılması, hərbi
qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılması, qarşılıqlı
münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsi və
digər sahələrlə bağlı səylərin artırılması istiqamətində konkret
tapşırıqlarını verib.
Sonra
seminarın mövzusu ilə əlaqədar məruzələr dinlənilib, iştirakçılar fikir
mübadiləsi aparıb və mənəvi-psixoloji təminatın təkmilləşdirilməsi ilə
bağlı təkliflər irəli sürülüb.