Əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, S. Babayev Prezident İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi və əlilliyi
olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin
təkmilləşdirilməsinin, bu sahədə də şəffaflıq yaradılmasının Nazirlik
qarşısında əsas vəzifələrdən olduğunu vurğulayıb.
Nazir bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz.
"Əlilliyin
qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra
olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır,
onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq
yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində
olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi
hallarına yol verilməməlidir. Belə hallara yol verən əməkdaşlar aşkar
edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacaq".
S.Babayev
qeyd edib ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və
əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının
alınması üçün sistemli tədbirlər görüləcək.
"Artıq Nazirlikdə
müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin
müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları
ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun
ciddi tədbirlər görüləcək. Müvafiq qanunvericilikdə də zəruri
təkmilləşdirmələr aparılacaq. Həmçinin, əlilliyin qiymətləndirilməsi
hazırda səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri
göndərişlər əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən
yerinə yetirilir ki, bu sistemin təkmilləşdirilməsi üçün də təkliflər
hazırlanacaq".
Nazir qabaqcıl beynəlxalq meyarlara uyğun olaraq,
əlilliyin əmək qabiliyyətinin itirilmə faizinə uyğun qiymətləndirilməsi
sisteminin yaradılmasının da əsas hədəflərdən olduğunu bildirib.
S.Babayev
əlavə edb ki, əlillərin reabilitasiyası səviyyəsi demək olar ki, sıfıra
enib və bu sahədə ciddi dönüş yaradılması, reabilitasiya səviyyəsinin
artırılması üçün Fərdi Reabilitasiya Proqramının, Nazirliyin bərpa
mərkəzləri ilə bağlı konkret hədəfləri müəyyən edən konsepsiyanın
hazırlanması təmin olunacaq.
Respublikanın bölgələri üzrə
əlilliyin fərqli artım tempi ilə bağlı araşdırmanın da aparıldığını
diqqətə çatdıran S.Babayev Xidmətin kollektivinə konkret tapşırıqlarını
verib. Müşavirədən sonra nazir Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Xidmətinin fəaliyyəti, burada əlilliyi olan şəxslərə
göstərilən tibbi-sosial ekspertiza xidmətinin vəziyyəti ilə yaxından
tanış olub.