Xidmət müqaviləsi ilə
işləyənlərin ipoteka kreditlərinə müraciət qaydaları asanlaşıb. Bu,
Nazirlər Kabinetinin "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət
Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli
ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin
hesablanması Qaydası”nda etdiyi dəyişikliklərlə reallaşıb.
İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, əvvəllər müraciət
üçün ən azı 12 ay iş fəaliyyəti tələb edilirdisə, indi bu rəqəm 6 ayadək
azaldılıb. Eyni zamanda, orta aylıq gəlir hesablanan zaman 12 ay deyil,
faktiki ayların sayı nəzərə alnacaq. Yəni, ipoteka krediti üçün
müraciət edən vətəndaşımzın yalnız son 8 ayda iş fəaliyyəti varsa, onu
gəlirləri cəmlənərək 8-ə bölünəcək. Əvvəllər isə 12 aydan az fəaliyyəti
olanlar ipoteka kreditlərinə müraciət etmək hüququna malik deyildilər.
"Dəyişikliyə
əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesablanan
zaman əvvəlki qaydalara əsasən kredit müraciəti edən şəxsin ən azı 2 il
belə fəaliyyətlə məşğul olması tələb olunurdusa, indi son 1 il
sahibkarlıq faəliyyəti ilə məşğul olmaq kifayət edəcək. Dəyişikliyə
görə, xidmət sahələri üzrə sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə
alınan aylıq məcmu gəlirin məbləği orta aylıq dövriyyənin 40 faizindən
deyil, 70 faizindən çox olmayacaq. Yəni, ipotekaya müraciət edən
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin gəlirinin 70 faizi
həcminədək aylıq kredit ödəniş məbləği müəyyənləşdirilə biləcək", - deyə
ekspert vurğulayıb.
V.Bayramov
qeyd edib ki, yeni qayda ilə ipoteka kreditinə müraciətdə aylıq məcmu
gəlirinin hesablanması zamanı Azərbaycanda əldə edilən, həm də onun
hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici
valyutadakı gəlirləri nəzərə alınır:
"Məsələn, ipoteka krediti
almaq istəyən şəxs xaricdən hər hansı gəliri varsa və onu təsdiq edən
sənədə malikdirsə, o zaman həmin məbləğ orta aylıq gəlirin hesablanması
zamani istifadə edilə biləcək. Son dəyişikliklər təqdirə layiq olsa da
belə, ipoteka kreditlərinə əlçatanlığın genişləndirilməsi üçün həm adi,
həm də sosial ipoteka kreditləri üzrə faizlərin aşağı salınması və ilkin
ödənişlərin azaldılmasıma da ehtiyac var".