Xəzər Xəbər

Fuad Ələsgərov: “Azərbaycan ordusu düşmənin layiqli cavabını verib”

Gündəm | 13:05 • 15 May 2018
Fuad Ələsgərov:
"Bu gün hərbi cərrahiyyə sahəsində dünyanın aparıcı elmi-praktiki platformalarından biri olan Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 30-cu yubiley görüşü və 1-ci Konqresi Bakı şəhərində öz işinə başlayır. İlk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Konqresin iştirakçılarına çatdırmaq istərdim”.


XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 1-ci konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il Azərbaycan üçün çox əlamətdar hadisələrlə zəngindir: "Bir neçə gün bundan öncə Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan dövlətinin xilaskarı Heydər Əliyevin anadan olmasının 95-ci yubileyi təntənəli şəkildə qeyd edildi. May ayının 28-də isə şərqdə ilk demokratik respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyidir. Bu baxımdan Beynəlxalq Hərbi Cərrahlar Forumunun 1-ci Konqresinin məhz bu dövrə təsadüf etməsi çox xoş bir haldır. Konqresin Bakı şəhərində keçirilməsi münasibəti ilə Forumun prezidenti Kənan Yusifzadəni də təbrik etmək istərdim”.

F. Ələsgərov bildirib ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və ölkəmizin təşəbbüsü və iştirakı ilə dünya miqyaslı enerji və nəqliyyat layihələri həyata keçirilir: "Bu il iyun ayının 19-da növbəti nəhəng layihə olan Trans-Anadolu qaz kəmərinin açılış mərasimi keçiriləcəkdir. Bu layihə Avropanın qaz ilə təmin edilməsində çox önəmli rol oynayacaqdır.

Azərbaycan iqtisadiyyatının inkişafı əlbəttə ki, digər sahələrin, o cümlədən sosial sahənin inkişafına da təkan verir. Azərbaycan dövləti sosial yönümlü siyasət həyata keçirir və sosial sahənin əsas istiqamətlərindən olan səhiyyənin inkişafı dövlətimiz üçün prioritet məsələlərdəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sistemində aparılmış islahatlar, dövlət proqramlarının icrası nəticəsində ən müasir standartlara cavab verən tibb müəssisələri yaradılmış, xəstəxanaların maddi-texniki bazası gücləndirilmiş, savadlı və peşəkar kadr hazırlığına diqqət artırılıb.

Son illərdə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. Yalnız paytaxtda deyil, bölgələrdə də əhaliyə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün şərait yaradılır, yeni xəstəxanalar inşa edilərək istifadəyə verilir. Bu il bölgələrdə altı mərkəzi rayon xəstəxanasının açılması nəzərdə tutulur. Möhtərəm Prezidentimiz bəyan etmişdir ki, 2019-cu ilə qədər Azərbaycanda müasir tibb ocağının olmadığı heç bir şəhər qalmayacaq. Bir neçə ildir ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkə vətəndaşlarının dövlət tərəfindən pulsuz tibbi müayinəsi həyata keçirilir. Hər il beş milyondan artıq vətəndaşımız bu xidmətdən istifadə edir”.

Fuad Ələsgərov, həmçinin vurğulayıb ki, Azərbaycanda hərbi tibb sahəsinin inkişafı da dövlətin diqqətindədir: "Bu da təbiidir. Bildiyiniz kimi Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və bu işğal nəticəsində təxminən 1 milyon həmyerlimiz öz doğma yurdlarından didərgin düşmüşdür. 1994-cü ildə atəşkəs barədə razılıq əldə olunsa da, Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe göstərməsi və torpaqlarımızı hələ də işğal altında saxlaması səbəbindən sülhə nail olmaq mümkün olmamışdır. Ermənistan cəbhə xəttində təxribatlar törətməkdə davam edir. 2016-cı ilin aprel ayında dinc əhaliyə qarşı törədilmiş növbəti təxribat zamanı münaqişə qaynar fazaya keçmiş, çox sayda insan həlak olmuşdur. Azərbaycan ordusu düşmənin layiqli cavabını vermiş, 2 min hektar ərazimizi işğaldan azad etmişdir. Münaqişənin həllinin uzanması Ermənistana heç nə verməyəcək. Tam əksinə. Bu ölkənin insan resursları surətlə tükənməkdədir, iqtisadiyyat çox bərbad vəziyyətdədir. Yalnız Azərbaycan ilə ədalətli sülhə nail olunması Ermənistanın gələcəyə ümidlə baxması üçün şərait yarada bilər. Bu, eyni zamanda ümumən Cənubi Qafqaz regionunun inkişafı baxımından çox əhəmiyyətlidir.

Əlbəttə, münaqişənin hər an yenidən qızışıması mümkün olan bu vəziyyətdə Azərbaycanın hərbi tibb sahəsinə, bu sahədə müasir insfrastrukturun yaradılmasına, yüksək peşəkarlığa malik kadrların hazırlanmasına böyük diqqət ayırması təbiidir. Hazırda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidmətinin müasir tibbi avadanlıqlarla təchiz olunmuş hospitalları mövcuddur. Bu hospitallarda hərbi qulluqçulara, əsgər və zabitlərə yüksək səviyyədə tibbi xidmət göstərilir.

Azərbaycan Respublikasının Prezidenti əminliyini bildirir ki, Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 1-ci Konqresi çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi hərbi cərrahiyyə sahəsində qabaqcıl təcrübə mübadiləsinə, tətbiq edilən innovasiyalarla tanışlığa, beynəlxalq tibbi təşkilatlar, nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. Bir daha Konqresin işinə uğurlar arzulayıram. Ümid edirəm ki, siz həmçinin bu gözəl yaz günlərində müasirliyi və qədimliyi özündə birləşdirən Bakı şəhərində vaxtınızı səmərəli keçirəcək, paytaxtımızla yaxından tanış ola biləcəksiniz”.

Xəbər lenti