Xəzər Xəbər

53 əcnəbi vətəndaş məsuliyyətə cəlb edilib

Gündəm | 13:52 • 11 May 2018
53 əcnəbi vətəndaş məsuliyyətə cəlb edilib

Mayın ilk on günü ərzində Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər nəticəsində ümumilikdə 53 əcnəbi saxlanılıb. Onlardan 22-si Pakistan, 20-si Özbəkistan, 6-sı Hindistan, 2-si Türkiyə, 2-si Gürcüstan və 1-i Qırğızıstan vətəndaşıdır.


DMX-dən xezerxeber.az-a bildiriblər ki, araşdırma zamanı Pakistan, Hindistan, Türkiyə, Gürcüstan və Özbəkistan vətəndaşlarının ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları aşkarlanıb. Həmçinin 19 nəfər Özbəkistan vətəndaşının və 1 nəfər Qırğızıstan vətəndaşının Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyənləşdirilib.


Bundan əlavə, ölkədə qanunsuz yaşayan Pakistan vətəndaşları Tahira Yasmeen və Tabsum Xavaca Vaqar Rahmed tərəfindən öz həmvətənlərini Azərbaycan ərazisindən istifadə etməklə Avropa və Kanada istiqamətində tranzit keçidini təşkil etmək vədi ilə aldadaraq Azərbaycana gətirdikləri məlum olub.


T.Yasmeen həmin əcnəbilərin müxtəlif ünvanlarda yerləşdirilməsini həyata keçirib, onlara Azərbaycanda müvəqqəti yaşama icazəsi alacağına vəd verməklə, müəyyən məbləğdə pullarını mənimsəyib və qanunsuz miqrasiyaya şərait yaradıb.


Həmin əcnəbilərin müvafiq məsuliyyətə cəlb edilmələri, eləcə də Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmaları istiqamətində tədbirlər görülür.


DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.

Xəbər lenti