"Müstəqil Azərbaycan
dövlətinin üçrəngli bayrağı dövlət rəmzi kimi ilk dəfə Azərbaycan Xalq
Cümhuriyyəti Hökuməti tərəfindən 1918-ci il 9 noyabr tarixində təsdiq
edilib. Təəssüflər olsun ki, bu bayraq yalnız 23 ay Xalq Cümhuriyyətinin
üzərində dalğalana bildi".
XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Sevdiyim” adlı layihənin təqdimat mərasimində deyib.
Prezidentin
köməkçisi bildirib ki, Cümhuriyyətin süqut etməsinə baxmayaraq,
Azərbaycan xalqı müstəqillik bayrağımızı daim öz qəlbində yaşadıb və 70
il sonra ona bir daha sahib çıxıb:
"1990-cı il noyabrın 17-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Həmin gün dövlət
bayrağımız sessiyaya gətirildi və Muxtar Respublikanın Ali Məclisində
ucaldıldı. Bu, çox cəsarətli və fədakar addım idi. Çünki o zaman
Azərbaycan hələ də Sovet İttifaqının tərkib hissəsi idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi bizim müstəqilliyə gedən yolumuz məhz həmin gündən başlayıb. Ümummilli Lider Heydər Əliyev
üçrəngli bayrağımıza sadəcə dövlət rəmzi kimi yox, dünya
azərbaycanlılarını birləşdirən simvol kimi dəyər verirdi. O deyirdi:
"Kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını, işğal
edilmiş torpaqlarının azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün
bərpa olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir".
F.Ələsgərov
qeyd edib ki, üçrəngli bayrağımızın Azərbaycan dövləti tərəfindən
təsdiq edilməsi barədə məsələ də Azərbaycanın Ali Soveti qarşısında məhz
Ümummilli Liderimiz tərəfindən qaldırılıb:
"Yalnız bundan sonra,
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Dövlət
bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı dövlət bayrağı
elan etdi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
cənablarının 2009-cu il 17 noyabr tarixində imzaladığı Sərəncamla hər
il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Sərəncamda qeyd edildiyi kimi Azərbaycan Respublikası müstəqilliyini
bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin
simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik
rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin
yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi
dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir".
Prezidentin
köməkçisi, həmçinin qeyd edib: "Artıq 28 ildir ki, üçrəngli bayrağımız
enmədən başımız üzərində dalğalanır. Ümummilli Liderimizin dəfələrlə
dediyi kimi Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o, bizim
dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir”.