Xəzər Xəbər

“Azərbaycanda siyasi sabitlik hökm sürür” Fuad Ələsgərov

Gündəm | 12:35 • 11 May 2018
“Azərbaycanda siyasi sabitlik hökm sürür”
"Artıq 28 ildir ki, üçrəngli bayrağımız enmədən başımız üzərində dalğalanır. Ümummilli Liderimizin dəfələrlə dediyi kimi Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o, bizim dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir”.


XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Sevdiyim” adlı layihənin təqdimat mərasimində çıxışında deyib.

"Qürur hissi ilə deyə bilərik ki, bu gün bu bayraq adi dövlətin deyil, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlər vermiş, dünyaya özünü tanıda bilmiş, güclü iqtisadiyyat qurmuş, regionda aparıcı qüvvəyə çevrilmiş dövlətin bayrağıdır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin söylədiyi kimi, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanı görsəydilər, fəxr edərdilər”, - deyə Prezidentin köməkçisi bildirib.

F.Ələsgərov qeyd edib ki, bu nailiyyətlərin əldə edilməsinə görə Azərbaycan xalqı əlbəttə ki, ilk növbədə müasir dövlətimizin qurucusu olan Ulu Öndər Heydər Əliyevə borcludur.

"Öz ömrünü Azərbaycan dövləti və xalqının inkişafına həsr etmiş bu dahi insanın Azərbaycan tarixində rolu əvəzsizdir. Heydər Əliyev şəxsiyyəti bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.

1969-cu ildə Ümummilli Lider Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqında ən geridə qalmış respublikalardan biri kimi tanınırdı. Lakin onun 13 illik rəhbərliyi dövründə Azərbaycan Sovet İttifaqının ən inkişaf etmiş və qabaqcıl respublikalarından birinə çevrilmişdir.
1993-cü ildə isə Ulu Öndərin qarşısında daha çətin vəzifələr dururdu. Azərbaycan demək olar ki, öz müstəqilliyini itirmək ərəfəsində idi. Ölkə parçalanırdı, idarəolunmaz vəziyyət yaranmışdı. İqtisadiyyat tənəzzülə uğramışdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı bir daha öz müdrikliyini göstərərək Ulu Öndərə üz tutdu və onu ölkəyə rəhbərlik etməyə çağırdı. Bu, müasir tariximizin həlledici dönüş nöqtəsi oldu”.

F.Ələsgərov vurğulayıb ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi on il ərzində ölkəmiz böyük və uğurlu inkişaf yolu keçib: "Azərbaycanda siyasi sabitlik təmin edilmiş, dövlət quruculuğu prosesi uğurla aparılmış, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. Köklü siyasi islahatlarla yanaşı, iqtisadi-sosial sahədə böyük layihələr həyata keçirilmiş, ölkəyə iri həcmli investisiyalar cəlb edilmişdir. Ulu Öndərin böyük səyləri nəticəsində Azərbaycanın əsas təbii sərvəti olan neftin dünya bazarlarına çıxarılması üçün dünyanın nəhəng neft şirkətləri ilə "Əsrin müqaviləsi” imzalanmış, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur.

Bu gün Ulu Öndərin siyasəti möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ümummilli Liderin qoyduğu təməllər üzərində güclü dövlət qurulmuşdur”.

Prezidentin köməkçisi, həmçinin bildirib ki, Azərbaycanda siyasi sabitlik hökm sürür, iqtisadiyyat inkişaf edir və müstəqil xarici siyasət aparılır.

Xəbər lenti