"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır".
XəzərXəbər xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümummilli lider
Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki
çıxışında deyib.
Ölkə başçısı xatırladıb ki, 2003-2018-ci illərdə - 15 il ərzində bir çox beynəlxalq təşkilatlar - BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam
Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişə ilə bağlı bizim
mövqeyimizi, ədaləti əks etdirən qərar və qətnamələr qəbul edib.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini
tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır, BMT
Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Bu
qətnamələrdə açıq-aydın göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş
torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Münaqişənin digər həlli yolları
yoxdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt
olmayıb və heç vaxt olmayacaqdır".
Prezidentin fikrincə, Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın.
"Əgər
kimsə başqa cür fikirləşirsə, hesab edirəm ki, o, əbəs yerə
illüziyalarla yaşayır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə və
qeyd-şərtsiz təmin edilməlidir. Bunu ədalət və beynəlxalq hüquq tələb
edir. Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir. Bunu tarix deyir, mədəniyyət deyir, bunu
beynəlxalq hüquq deyir. Dağlıq Qarabağda keçirilmiş son qondarma
"referendum” heç bir ölkə, heç bir beynəlxalq təşkilat tərəfindən
tanınmayıb. Bu, bir daha onu göstərir ki, beynəlxalq aləm, bütün ölkələr
Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz öz
prinsipial mövqeyimizi bundan sonra da gücləndirəcəyik. Azərbaycanın həm
beynəlxalq müstəvidə, həm də regionda kifayət qədər imkanları var.
Bizim iştirakımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz.
Ermənistanda bu reallığı nə qədər tez başa düşsələr, münaqişə o qədər də
tez həll edilər və bölgəmizdə sülh təmin olunar".
Ölkə başçısı daha sonra Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıb.
"Biz, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı dünyada çox böyük işlər görürük. Ermənilər tərəfindən törədilmiş misli görünməmiş vəhşilik olan Xocalı soyqırımını son illər ərzində 10-dan çox ölkə soyqırımı kimi tanıyıb və bu proses davam etdiriləcəkdir".
Prezident,
həmçinin Azərbaycan Ordusunun gücündən söz açıb. Bildirilib ki, biz
güclü ordu qurmuşuq. Orduların gücünü müəyyən edən aparıcı reytinq
agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görürlər.
"Biz bunu bilirik və bizim hərbi gücümüz gündən-günə artır. İki il bundan əvvəl Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl
rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir və o torpaqlarda
– bizim doğma torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır.
Əminəm ki, gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal
altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaqdır".