Xəzər Xəbər

Apreldə respublika ərazisində 94 sürüşmə hadisəsi qeydə alınıb

Gündəm | 17:25 • 3 May 2018
Apreldə respublika ərazisində 94 sürüşmə hadisəsi qeydə alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası apreldə ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələri davam etdirib, mühüm sürüşmə obyektlərinin vəziyyətini öyrənib. Nəticədə respublika ərazisində 94, Bakıda 22 sürüşmə hadisəsi qeydə alınıb.


Bu barədə AZƏRTAC-a ekspedisiyanın rəisi Əziz Qaralov məlumat verib.


Ekspedisiya rəisi bildirib ki, paytaxt üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Rayonun Günəşli yaylası çökmə sahəsində prosesin dinamikasında aktivlik müşahidə edilməsə də, ərazidə geoloji proseslərin aktivləşməsi istiqamətində gərginlik saxlanılmaqdadır. Bundan əlavə, Binəqədi rayonunda, I mədən yaşayış sahəsində son aylar əraziyə düşən atmosfer yağıntıları və texnogen faktorların, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində təbii və texnogen amillərin təsirindən subasma prosesində nisbi aktivlik müşahidə olunub. Abşeron rayonunda Nübar qəsəbəsində atmosfer yağıntıları və texnogen amillər sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə təbii və texnogen faktorlar sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub. Masazır sürüşmə sahəsində təbii amillərin təsirindən nisbi aktivlik qeydə alınmasa da, yamacın aşağı hissəsində qrunt sularının yer səthinə çıxışı izlənilir. Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində təbii və texnogen amillərin, Daş Karxanası yaşayış massivində atmosfer yağıntıları və təbii amillərin, Zabrat-Məhəmmədi subasma sahəsində atmosfer yağıntılarının, Savalan subasma sahəsində atmosfer yağıntıları və texnogen amillərin, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində atmosfer yağıntıları səbəbindən subasma prosesinin dinamikası nisbətən aktivləşib. Sabunçu rayonunda Şuşa şəhərciyi subasma sahəsində subasma prosesinin dinamikasında nisbi aktivlik qeydə alınmasa da, gərgin vəziyyət qalmaqdadır.

Xəbər lenti