Azərbaycan və Ukrayna Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan XİN-dən XəzərXəbər-ə verilən məlumata görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən
xarici işlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə
xarici işlər nazirinin müavini Vasiliy Bodnar rəhbərlik edib.
X.Xələfov
Ukrayna nümayəndə heyətini salamlayaraq iki ölkənin xarici işlər
nazirlikləri arasında mütəmadi olaraq siyasi məsləhətləşmələrin
keçirilməsinin əlaqələrin daha da inkişafı baxımından faydalı olduğunu
diqqətə çatdırıb. Azərbaycan və Ukraynanın strateji tərəfdaş olduğunu
bildirən X.Xələfov ölkəmizin Ukrayna ilə bütün sahələrdə əməkdaşlıq
əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu xüsusilə qeyd edib.
Ölkəmizdə
olmasından məmnunluğunu bildirən V.Bodnar Azərbaycanla strateji
tərəfdaşlığın daha da möhkəmləndirilməsinin, eləcə də regional
təhlükəsizliyin təmin edilməsinin Ukrayna üçün böyük əhəmiyyət kəsb
etdiyini bildirib. Bu xüsusda, o, ilk dəfə keçiriləcək
Azərbaycan-Ukrayna-Türkiyə Xarici İşlər Nazirlikləri arasında üçtərəfli
siyasi məsləhətləşmələrin böyük rol oynayacağına əminliyini ifadə edib.
Tərəflər
Azərbaycan və Ukrayna dövlət başçıları səviyyəsində aparılan siyasi
dialoqun əlaqələrin dinamik inkişafına güclü təkan verdiyini
vurğulayıblar. İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf
etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən X.Xələfov
Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə
Hökumətlərarası Komissiyanın bu istiqamətdəki rolunu xüsusilə qeyd edib.
Görüş əsnasında X.Xələfov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutları, habelə TAP və TANAP
kimi enerji layihələri haqqında həmsöhbətinə məlumat verərək Ukraynanın
da sözügedən layihələrdən yararlana biləcəyini qeyd edib. Tərəflər
Azərbaycan və Ukraynanın işgüzar dairələri arasında birbaşa təmasların
yaradılmasının qarşılıqlı investisiyaların təşviqi baxımından
əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun
həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında
fikir mübadiləsi aparıb. Görüşdə iki ölkə arasında humanitar, elm,
təhsil, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərə ətrafında
müzakirələr aparılıb.