Xəzər Xəbər

Ermənilərin atəşə tutduğu “KamAZ”a 15 yaxın güllə dəyib - Sürücü danışdı - FOTO

Gündəm | 15:51 • 3 May 2018
Ermənilərin atəşə tutduğu “KamAZ”a 15 yaxın güllə dəyib -

Erməni hərbçiləri ötən gün axşam saat 20 radələrində Ağdamın Çəmənli kəndi ərazisində subartezian quyusunu təmir edən rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarını atəşə tutub. Nəticədə idarənin "KamAZ” markalı nəqliyyat vasitəsinə və təmir aqreqatına 15-ə yaxın güllə dəyib.


Nəqliyyat vasitəsinin sürücüsü Elvin Sadıqov AZƏRTAC-ın bölgə müxbirinə deyib: "Çəmənli kəndinin yuxarı hissəsindəki subartezian quyusunu təmir etmək üçün əraziyə getmişdik. İşlər yekunlaşan zaman düşmən texnikamızı atəşə tutdu. Aqreqata dəyən güllənin biri yanğına da səbəb ola bilərdi. Xoşbəxtlikdən xəsarət almadıq. Düşmən tez-tez belə təxribata əl atır. Buna baxmayaraq, işimizi davam etdiririk”.


Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, idarə 35 min 400 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. İdarənin balansında olan 844 ədəd quyunun 401-i təmas xəttinə yaxın ərazilərdə yerləşir. "Erməni hərbçiləri Çəmənlidəki subartezian quyusunu gündüz saatlarında təmir etməyə imkan vermir, əməkdaşlarımızı hədəf alırlar. Ona görə də artezianı axşam saatlarında təmir etmək üçün işçilərimizi əraziyə göndərdik. Lakin hava qaralsa da, briqadamız kənd ərazisindəki subartezianı təmir edərkən yenə də atəşə məruz qaldılar. Düşmən məqsədli şəkildə belə təxribata əl ataraq, kənd sakinlərinin su təminatını ödəyən subartezianı düzəltməyə imkan vermir. Lakin erməni hərbçilərinin təxribatlarına baxmayaraq, idarəmizin əməkdaşları işlərini davam etdirir, istehlakçıların içməli və təsərrüfat suyuna tələbatını ödəyirlər”.


Qeyd edək ki, düşmən təmas xəttinə yaxın kəndləri mütəmadi olaraq atəşə tutur. Aprelin 18-də Ağcabədinin Yuxarı Qiyaməddinli kəndi də ermənilərin növbəti təxribatına məruz qalıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Xəbər lenti