Xəzər Xəbər

Daxili İşlər Nazirliyi açıqlama yaydı

Gündəm | 15:46 • 3 May 2018
Daxili İşlər Nazirliyi açıqlama yaydı

Daxili İşlər Nazirliyi (DİN) son günlər "e-payment.mia.gov.az” və "e-xidmet.mia.gov.az” veb-səhifələrinə daxil olmaqla bağlı yaranmış problemlərlə əlaqədar açıqlama yayıb.


AZƏRTAC-a daxil olan açıqlamada bildirilir ki, bu, DİN-in göstərdiyi xidmətlərin texniki nasazlığı ilə bağlı deyil.


"Google Chrome” brauzeri 66-cı versiyadan başlayaraq, "Symantec” şirkətinə məxsus və 2016-cı il iyun ayının 1-dən etibarən verilmiş təhlükəsizlik sertifikatlarını tanımayacağını bəyan edib. "e-payment.mia.gov.az” və "e-xidmet.mia.gov.az” veb-səhifələrində istifadə olunan təhlükəsizlik sertifikatı da yuxarıda adıçəkilən şirkətə məxsusdur. Buna görə də problem yalnız "Google Chrome”u ən son – 66-cı versiyasından istifadə edənlərdə müşahidə olunmaqdadır.


Bununla bağlı Daxili İşlər Nazirliyinin müvafiq qurumu texniki işləri davam etdirir. Ən qısa zamanda bu xidmətlərin fəaliyyəti "Google Chrome”da bərpa olunacaq.


Onu da qeyd edək ki, kompyuterlərdə digər brauzerlərdən, həmçinin mobil telefonlardan istifadə etdikdə həmin veb-səhifələrə daxil olmaq mümkündür”, - deyə DİN-in açıqlamasında qeyd edilib.

Xəbər lenti