2018-ci ilin
yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış
inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 5,1 faiz
artaraq 786,2 min olub.
XəzərXəbər-ə xəbər verir ki, Dövlət Statistika Komitəsinin
hesablamalarına görə, xətaların 50,1 faizi yolda müəyyən edilmiş
hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə
3,6 faiz çox), 13,2 faizi yol nişanlarının və ya yolların hərəkət
hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (47,2 faiz çox),
12,6 faizi dayanma və ya durma qaydalarının pozulması (12,0 faiz çox),
10,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi
verilərkən hərəkətin davam etdirilməsi (4,4 faiz az), 2,6 faizi
təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması
(24,8 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Qaydaların pozulmasına görə 14,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.