Xəzər Xəbər

3 may Ümumdünya Mətbuat Azadlığı Günüdür

Gündəm | 14:46 • 3 May 2018
3 may Ümumdünya Mətbuat Azadlığı Günüdür

Hər il mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur.


Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.


Azad sözün şərəfinə elan olunmuş ümumdünya mətbuat azadlığı günü "Soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxıb.


XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildiriblər. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi - Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləmiş və həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına göndərib.


1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub.


Ümumdünya Mətbuat Azadlığı Günü Azərbaycanda da fəal dəstəklənir. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atıb.


1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ölkədə yeni tipli medianın formalaşması və möhkəmlənməsi üçün dəfələrlə ciddi tədbirlər həyata keçirilmiş, KİV-lər üzərindən dövlət nəzarətinin götürülməsi və mətbuatın inkişafı üçün əlverişli mühit yaradılmağa başlanılıb.


Ulu öndər Heydər Əliyevin "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarənin ləğvindən və "Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulundan sonra ölkə mətbuatının inkişafında yeni dövr başladı.


Qəzetlərin "Azərbaycan” nəşriyyatına olan borclarının ləğv edilməsi, qəzet redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin dövlətin ali mükafatları ilə, o cümlədən orden və medallarla təltif olunmaları dahi öndərin mətbuatın inkişafına göstərdiyi diqqətin tərkib hissəsi olub. 2003-cü ilin martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında Mətbuat Şurasının yaradılması bu sahədə pərakəndəliyin aradan qaldırılmasına müsbət təsir göstərib. Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllində mühüm rol oynayıb.


Ümummilli Liderin ölkə mətbuatına göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan Prezidentinin 2005-ci il mayın 31-də milli mətbuatın 130 illik yubileyinin keçirilməsi, 2010-cu il iyulun 22-də milli mətbuatın 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi, 2015-ci il iyunun 2-də milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamları bu sahəyə diqqət və qayğının bariz nümunəsidir.


Dövlətimizin başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” mətbuat-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin bu sahədəki siyasətini tam mənada ifadə edən baza rolunu oynayır. Bu sənəd əsasında 2009-cu il aprelin 3-də "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” dövlətimizin başçısının Fərmanı bu istiqamətdə atılmış mütərəqqi addım olub.


2013-cü il iyulun 22-də 156 jurnalistin, 2017-ci il iyulun 20-də isə 255 jurnalistin Prezident İlham Əliyev tərəfindən yeni mənzillərlə mükafatlandırılması azad mətbuatın inkişafına xidmət edən mühüm addımlardan biridir. Dünyada analoqu olmayan bu mühüm hadisələr media ictimaiyyətinin rəğbətinə səbəb olub.


Bu gün Azərbaycan kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə durur. Ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınmış, xeyli sayda jurnalist təşkilatları və ictimai birlikləri fəaliyyət göstərir. Bütün bunlar mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. (AZƏRTAC)

Xəbər lenti