Azərbaycan
Respublikasının Baş naziri Novruz Məmmədov mayın 3-də ABŞ Konqresinin
Nümayəndələr Palatasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə
görüşüb.
XəzərXəbər xəbər verir ki, görüşdə ABŞ Konqresinin
nümayəndələrini Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən Baş
nazir bu səfərin böyük əhəmiyyət daşıdığını qeyd edib. Novruz Məmmədov
səfərin ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlər
ətrafında müzakirələr aparmaq üçün yaxşı fürsət olduğunu diqqətə
çatdırıb.
Ölkələrimiz arasındakı münasibətlərə toxunan Baş nazir
müstəqil Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında
çox yaxşı əlaqələrin olduğunu bildirib. Münasibətlərimiz bu gün də
uğurla inkişaf etdirilir. Bir sıra həssas sahələrdə isə çox möhkəm və
sıx əməkdaşlıq mövcuddur.
Baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Amerika Birləşmiş Ştatları və Avropa
İttifaqı ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verib. "Bu gün
demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycan həmin yola sadiqdir.
Həm ABŞ, həm də Avropa
İttifaqı ilə əlaqələri uğurla davam etdirir”, - deyə Azərbaycanın Baş
naziri vurğulayıb. Hazırda beynəlxalq aləmdə geosiyasi gərginliklərin
müşahidə edildiyini bildirən Baş nazir Azərbaycanın yerləşdiyi regionun
da geosiyasi baxımdan dünyanın mürəkkəb bölgələrdən biri olduğunu
diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Novruz Məmmədov
erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın 20
faizinin işğal olduğunu, 1 milyondan çox insanın qaçqın və məcburi
köçkünə çevrildiyini vurğulayıb. Ermənistanın qeyri-konstruktiv mövqeyi
səbəbindən münaqişənin hələ də həllini tapmadığını bildirib.
Baş nazir deyib ki, 1918-ci ildə müstəqilliyini elan etmiş, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illik yubileyi qeyd olunacaq. Dövlətimizin başçısının Sərəncamı ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və bir sıra mühüm tədbirlər həyata keçirilir. Novruz Məmmədov
Azərbaycanda əsası 100 il əvvəl qoyulan hüquqi, demokratik dövlətçilik
ənənələrinə ölkəmizin bu gün də sadiq qaldığını ifadə edib.
Azərbaycana
səfərdən məmnunluq hissi duyduqlarını bildirən nümayəndə heyətinin
rəhbəri Robert Qudlat ölkələrimiz arasındakı münasibətlərin yüksək
səviyyədə olduğunu vurğulayıb, bu əməkdaşlığın gələcəkdə də davam
etdirilməsinin vacibliyini bildirib. O, Azərbaycan ilə əməkdaşlığın
Amerika Birləşmiş Ştatları üçün dəyərli olduğunu diqqətə çatdırıb.
Görüşdə
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında
iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı maraq
doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.