Xəzər Xəbər

“Dərman vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirə edilib

Gündəm | 12:57 • 3 May 2018
“Dərman vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirə edilib

Mayın 3-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.


Xezerxeber.az xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə iki məsələ daxildir.


İclasda əvvəlcə "Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Əhliman Əmiraslanov qanun layihəsi barədə məlumat verib. Qeyd edilib ki, təklif olunan dəyişikliklər texniki xarakterlidir. "Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər "Məktəbəqədər təhsil haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliyə görə, dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar təhsil müəssisələrində, digər idarə və müəssisələrdə uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, istehsalat təcrübəsi şərtlərini, onların iaşəsi, sanitariya-məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl olunmasını təmin etməlidirlər.


Sonra deputatlar "Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxıblar. Qeyd olunub ki, dəyişikliyə əsasən dərman vasitələrinin istifadəsinə dair təlimatlarda istehsalçı tərəfindən bəyan edilməmiş məlumatlar, habelə dərman vasitəsinin keyfiyyətli, effektiv və təhlükəsiz olmadığına dair əsaslandırılmış faktlar müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı bu dərman vasitələrinin dövlət qeydiyyatına alınmasını və bu Qanunun müvafiq maddəsində nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin isə ölkədə tətbiqini qadağan etmək hüququna malikdir. Dövlət qeydiyyatı məqsədilə dərman vasitələrinin və həmin dərman vasitəsinin istehsalında istifadə edilən dərman maddəsinin (dərman substansiyasının) nümunələrini ölkə ərazisinə qanunvericiliklə müəyyən edilmiş miqdarda müvafiq icra hakimiyyəti orqanı, istehsal və topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, xarici istehsalçının Azərbaycan Respublikasındakı yerli nümayəndəliyi və ya yerli nümayəndəliyi olmadığı halda xarici istehsalçının müvəkkil etdiyi şəxs idxal edə bilər. Dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələri, dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin təhlükəsiz şəkildə istifadəsinin təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq farmakonəzarət üzrə işləri həyata keçirir və bu sahə üçün məsul şəxs təyin edir. Bioloji fəallığa malik qida əlavələrinin əmtəə adı və əmtəə nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitəsinin əmtəə adı və əmtəə nişanı ilə eyni ola bilməz.


Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.

Xəbər lenti