Azərbaycan Prezidenti İlham Əliyev xalq rəssamı Tokay Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
XəzərXəbər-in
məlumatına görə, mətndə deyilir: Azərbaycan mədəniyyətinə ağır itki üz
vermişdir. Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Tokay Həbib oğlu Məmmədov 2018-ci il mayın 2-də ömrünün 91-ci ilində vəfat etmişdir.
Tokay Məmmədov 1927-ci il iyul ayının 17-də Bakı
şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra o, 1942-1945-ci
illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, 1945-1951-ci
illərdə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq
İnstitutunda ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1951-ci ildə
Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi başlayan Tokay
Məmmədov 1958-ci ilədək burada çalışmışdır. O, 1966-1988-ci illərdə
Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Rəsm” kafedrasının müəllimi,
1988-1992-ci illərdə "Heykəltəraşlıq” kafedrasının müdiri, 1992-2001-ci
illərdə həmin kafedranın professoru vəzifələrində işləmişdir. Tokay
Məmmədov 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının "Heykəltəraşlıq” kafedrasının professoru olmuşdur.
Tokay
Məmmədov 1952-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycan Rəssamlar
İttifaqının İdarə Heyətində məsul vəzifələr tutmuş, 1970-1972-ci
illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmişdir. O, 1975-ci
ildən SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olmuşdur.
Azərbaycan
təsviri sənətini zənginləşdirən qiymətli əsərləri ilə Tokay Məmmədov
milli mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmişdir. O,
müxtəlif janrlarda yaratdığı əsərləri ilə ölkəmizin heykəltəraşlıq
tarixinə parlaq səhifələr yazmışdır. Sənətkar Azərbaycanın dahi
şəxsiyyətlərinin unudulmaz obrazlarını monumental abidələrə çevirərək
mədəniyyət xəzinəmizi daha da zənginləşdirmişdir. Onun sənətin əbədi
mövzularını bütün dərinliyi ilə əks etdirən əsərləri Azərbaycan
heykəltəraşlığının mükəmməl nümunələridir.
Tokay Məmmədovun yaradıcılığının məhsulu olan, Bakının
küçə və meydanlarını bəzəyən əsərlər paytaxtımızın görkəminin ayrılmaz
hissəsini təşkil edir. Doğma torpağa, xalqına bağlı olan sənətkar kimi
onun müstəqil Azərbaycan mədəniyyətinin çiçəklənməsi naminə verdiyi
töhfələr əvəzsizdir. Mahir heykəltəraş hələ gənclik illərindən etibarən
öz fitri istedadı sayəsində mütəxəssislərin böyük rəğbətini qazanmış,
ölkəmizdə və onun hüdudlarından kənarda tanınmışdır. Sənətkarın dünyanın
bir çox ölkələrində nümayiş etdirilən əsərləri Azərbaycan
mədəniyyətinin şöhrətini daha da artırmışdır.
Tokay Məmmədov
heykəltəraşlığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək gənc
heykəltəraşlar nəslinin yetişdirilməsi işində əvəzsiz xidmətlər
göstərmişdir. Onun zəngin irsi bir çox heykəltəraşın bədii-estetik
zövqünün formalaşmasında mühüm rol oynamış, onların peşəkarlığının
təşəkkülündə böyük əhəmiyyət kəsb etmişdir. Tokay Məmmədovun
1971-1975-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi ictimai
fəaliyyəti də təqdirəlayiq olmuşdur.
Tokay Məmmədovun
yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və daim yüksək
qiymətləndirilmişdir. O, bir çox ölkələrin mükafatları ilə təltif
edilmişdir. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından
"Şərəf” və "Şöhrət” ordenlərinə, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.
Böyük sənətkar Tokay Həbib oğlu Məmmədovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Novruz Məmmədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Əbülfəs Qarayev
Ceyhun Bayramov
Fərhad Xəlilov
Tahir Salahov
Ömər Eldarov
Ağəli İbrahimov
Salxab Məmmədov
Altay Hacıyev
Fazil Nəcəfov
Fuad Salayev
Arif Hüseynov
Xanlar Əhmədov
Nazim Bəykişiyev